Sənət 18:20 19.06.2014

“Azdrama”nın aktyorları qurultayı baykot etdi

Bu gün Akademik Milli Dram Teatrın yaradıcı heyəti teatrın direktoru İsrafil İsrafilovun iclasını baykot edib. 

AzNews.az-a daxil olan məlumata görə, iclasın baykot edilməsi Teatr Xadimləri İttifaqının qurultayında iştirakla bağlı olub. 

Etiraz edən aktyorlar deyib ki, bu ilin may ayının sonunda İttifaqdan teatra qurultayla əlaqədar məktub daxil olub: “Məktubda iyunun 15-nə kimi teatrda bununla bağlı iclasın keçirilməsi və qurultay üçün nümayəndələrin təsdiq olunması göstərilib. Baykotun əsas səbəbi də qurultaya seçiləcək nümayəndələrin kimliyi olub”. 

Narazı aktyorların dediyinə görə, qurultaya elə nümayəndə seçilib ki, onlar 20 ildir Akademik Milli Dram Teatra gəlmir: “Məqsəd Azərpaşa Nemətovun yenidən saxta yolla Teatr Xadimləri İttifaqına sədr seçilməsidir. Akademik Milli Dram Teatrın yaradıcı heyəti isə bu saxtakarlıqla barışmır. Ona görə də teatrın yaradıcı heyəti İttifaqın bu qurultayında iştirakdan birdəfəlik olaraq imtina qərarını verib”. 

Xatırladaq ki, Teatr Xadimləri İttifaqının sonuncu qurultayı 10 il əvvəl Həsənağa Turabovun quruma rəhbərlik etdiyi dövrdə keçirilib.