Babək prospektində fəaliyyət göstərən bir qrup sahibkar  "Azəravtoyol"dan şikayətçidir.

Qaynarinfo-nun xeber.orga istinadən verdiyi məlumata görə, onların şikayəti dövlət qrumları tərəfindən işlərinə qeyri-qanuni müdaxilə ilə bağlıdır. 

Şikayətin məzmununa keçməzdən öncə bildirək ki, paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik olan Babək prospektinin yenidən qurulması çərçivəsində uzunluğu 8.7 km olan prospektin asfalt örtüyü ilə yanaşı su və kanalizasiya sisteminin də yenilənəcəyi nəzərdə tutulub. İlk baxışda bu təqdirəlayiq bir addımdır. Amma prosesin gedişi bu ərazidə fəaliyyət göstərən sahibkarlar üçün ciddi problemlər yaradıb. Yolda aparılan təmir prosesi zamanı bir sıra ictimai-iaşə obyektlərinin bazarı "ölüb”. Onlarla avtomobil təmiri sexləri, mebel mağazaları və sairə obyektlər aylarla davam edən qazıntı işləri zamanı müştərisiz qaldığından müflis duruma düşüb. Amma təmir başa çatdıqdan sonra da sahibkarların problemi həll olunmayıb. 

Redaksiyaya müraciət edən sahibkarlar bildirir ki, yolda təmir işi aparan "Azəravtoyol" ASC obyektlərin qarşısına asvalt döşəmə vurmaq üçün sahibkarlardan pul tələb edir. Əsas kimi isə bu göstərilir ki, bu obyektlərin qarşısı Azərsu ASC-nin su və kanalizasiya sistemini yenilədiyi zaman dağılsa da, təmir etmək "Azəravtoyol"un borcu deyil. Həmin ərazdə yolun asvaltlanması üçün təxminən 25 min manat vəsait tələb olunur. Aylarla davam edən təmir prosesində onsuz da ciddi ziyan çəkən sahibkarlar üçün isə belə bir məbləği toplamaq tamamilə iflas olmaq deməkdir.

Sahibkarlar problemlə bağlı ölkə rəhbərinə də müraciət ünvanlayıblar.