Foto 10:30 14.12.2017

DSX-də casus əməliyyatları: 10 şübhəli, 1 agent həbs olundu (FOTOLAR)

Dövlət Sərhəd Xidmətinin 2017-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilib.

Qaynarinfo xəbər verir ki, hesabat müşavirəsində Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov iştirak edib. Fuad Ələsgərov Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərhəd təhlükəsizliyi məsə­lələrinə ali diqqət və qayğısı, hesabat dövründə dövlət sərhədinin mühafizəsi sahəsində əldə olunmuş nailiyyətlər və həyata keçirilmiş struktur islahatlar, Dövlət Sərhəd Xidməti qarşısında duran vəzifə və tapşırıqlar haqqında müşavirə iştirakçıları qarşısında çıxış edib.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev müşavirədə hesabat məruzəsi ilə çıxış edib, silahlı birləşmələrin və digər struktur qurumların xidməti fəaliyyətini qiymətləndirib, 2018-ci ildə Dövlət Sərhəd Xidməti qarşısında duran əsas vəzifə və tapşırıqları qeyd edib. 2017-ci ilin Azərbaycan Sərhəd Mühafizəsi üçün döyüş hazırlığının daha yüksək səviyyədə təmin edilməsi, dövlət sərhədinin toxunulmazlığının təminatı tədbirlərinin ardıcıl davamı, dövlət sərhədinin əməliyyat və texniki yolla mühafizəsinin gücləndirilməsi, beynəlxalq sərhəd əməkdaşlığının genişləndirilməsi ilə əlamətdar olması qeyd olunub.

İlham Əliyevin yanvar ayının 13-də və avqust ayının 24-də DSX Sahil Mühafizəsinin "Gəmi inşası zavodu”nda inşası yekunlaşmış 3-cü və 4-cü "Tufan” tipli sərhəd gözətçi gəmilərilə tanış olması, bu tipli daha 2 gəminin təməlini qoyması, dəniz sərhədlərinin mühafizəsi və neft-qaz infrastrukturunun mühafizəsi üzrə mühüm tapşırıqlar verməsi, iyul ayının 5-də Dövlət Sərhəd Xid­mə­tinin strukturunun təkmilləşdirilməsi, DSX-nin tərkibində 4 silahlı birləşmənin yaradılması barədə qərar verməsi, DSX əməkdaşlarını 1 orden, 40 medal, 6 fəxri adla təltif etməsi bütün şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.

2017-ci ildə Dövlət Sərhəd Xidməti tərəfindən aşağıdakı əsas nailiyyətlər əldə olunub:

- Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xid­mət orqanları ilə əlaqədə şübhəli bilinən 10 nəfər, məxfi əməkdaşlığa cəlb olunmuş 1 nəfər müəyyən edilib;

- xarici münaqişə zonalarında döyüşmüş 30 nəfərin şəxsiyyəti müəyyən olunub, onlardan 5 nəfər Azərbaycan vətəndaşı, 2 nəfər əcnəbi saxlanılıb, qanunsuz miqrasiya ilə məşğul olan 5 qrup, qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 8 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.

- dövlət sərhədini pozduqlarına görə 503 nəfər, sərhədboyu rejim qaydalarını pozduqlarına görə 12 min 241 nəfər, axtarışda olan 4686 nəfər saxlanılıb.

- 13 milyon 72 min manat dəyərində qaçaqmalın, 156 kiloqram 556,6 qram narkotik vasitənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.

- dövlət sərhədindən keçən şəxslərin sənədlərinin yoxlanılması prosedurları optimallaşdırılıb, "IV İslam Həmrəyliyi Oyunları” və "Formula 1” yarışlarının təşkili zamanı DSX qarşısında qoyulmuş tapşırıqlar uğurla yerinə yetirilib, Azərbaycana gələn əcnəbilərin dövlət sərhədindən keçidi yüksək səviyyədə təşkil olunub.

- geniş miqyaslı döyüş atışlı taktiki dəniz sərhəd təlimləri keçirilib, gəmi silahlarının gecə və gündüz şəraitində atışları zamanı bütün təlim tapşırıqları yüksək səviyyədə icra olunub, şəxsi heyət tərəfiindən böyük döyüş məha­rəti nümayiş etdirilib.