İdman 21:55 23.03.2018

Azərbaycan millisi tarixində ilk dəfə Belarusa uduzdu

Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununu keçirib. Qaynarinfo xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı komanda Bakıda Belarus yığmasını qəbul edib.

Bu, "Qarabağ”ın çalışdırıcısının millinin "sükanı arxası”nda ikinci matçı olub. Debüt görüşündə Moldova ilə qarşılaşan Qurbanov qolsuz bərabərliyə razılaşmışdı. Bu dəfə isə yığmamız 0:1 hesabı ilə uduzub. 42-ci dəqiqədə qeydə alınan Maksim Medvedevin avtoqolu matçda yeganə olub.

Bu Azərbaycanla Belarusla keçirilən 3-cü oyun olub. 22 il əvvəl, yəni 1996-cı ildə baş tutan ilk duel 2:2 hesabı ilə başa çatıb və komandamızın birinci qolunu məhz Qurban Qurbanov vurub. 2001-ci ildə isə tərəflər Bolqarıstanda görüşüblər və yığmamız Zaur Tağızadənin qolu sayəsində 1:0 hesablı qələbə qazanıb. Millimiz bu gün Belarusa ilk dəfə uduzub.

Yığmamız görüşə daha bir məğlubiyyətsizlik seriyası ilə çıxmışdı. Söhbət komandamızın uzun müddətdi evdə keçirdiyi yoxlama oyunlarında uduzmamağından gedir. Komandamız doğma azarkeşləri önündə sonuncu dəfə 2011-ci il avqustun 10-da, Makedoniya ilə oyunda məğlubiyyət acısı yaşamışdı. 
 
Yoldaşlıq matçı
23 mart

Azərbaycan - Belarus 0:1
Qol: Maksim Medvedev, 42 (avtoqol).
Azərbaycan: 1. Kamran Ağayev (k), 4. Pavel Paşayev (21. Tural Axundov, 46), 5. Maksim Medvedev, 9. Namik Ələskərov, 10. Ruslan Qurbanov, 15. Ruslan Abışov, 18. Coşqun Diniyev, 19. Amil Yunanov (13. Dmitri Nazarov, 46), 20. Riçard Almeyda, 22. Şəhriyar Rəhimov (24. Ürfan Abbasov, 74), 25. Cavid İmamverdiyev (28. Emin Mahmudov, 66).
Ehtiyat oyunçular: 12. Rəşad Əzizli, 23. Səlahət Ağayev, 2. Qara Qarayev, 6. Rahil Məmmədov, 16. Rəşad Eyyubov, 17. Rəhman Hacıyev, 26. Asif Məmmədov.
Baş məşqçi: Qurban Qurbanov.
Belarus: 1. Aleksandr Qutor, 2. Stanislav Draqun, 3. Aleksandr Martınoviç (k), 4. İqor Şitov, 6. Sergey Politeviç, 8. Pavel Savitski (9. Yuri Kovalyov, 75), 15. Sergey Kislyak (7. Yuri Kendış, 70), 18. İvan Maevski, 19. Maksim Volodko (21. Oleq Veretilo, 79), 20. Denis Laptev (10. Anton Saroka, 66), 22. İqor Staseviç (14. Pavel Nexayçik, 81).
Ehtiyat oyunçular: 12. Pavel Pavlyuçenko, 16. Andrey Qorbunov, 5. Aleksey Qavriloviç, 11. Renan Bressan, 13. Maksim Skavış, 17. Mixail Sivakov, 23. Sergey Matveyçik.
Baş məşqçi: İqor Kriuşenko.
Hakimlər: Andris Treymanis, Haralds Gudermanis, Aleksejs Spasjonnikovs (Latviya), Əliyar Ağayev (Azərbaycan).
Bakı Olimpiya Stadionu.