Azərbaycan 10 ədəd "Boeing 737 MAX-8" təyyarəsini əldə etməkdən imtina edib.
Qaynarinfo TASS agentliyinə istinadla xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib. Həmin təyyarələrin alışı üzrə müqavilə iki il əvvəl Amerikanın aerosmik korporasiyası ilə bağlanıb.
P. Kəsəmənski bildirib: "Biz sözügedən təyyarələrin təhlükəsizliyi ilə bağlı məlum səbəblərə görə "Boeing 737 MAX-8" təyyarələrinin alışından imtina etdik və bu barədə "Boeing" korporasiyasını məlumatlandırdıq".
2017-ci ilin aprelində Azərbaycanın "Silk Way Airlines" aviaşirkəti 10 ədəd "Boeing-737 MAX" sərnişin təyyarəsinin alışı üzrə "Boeing" ilə müqavilə imzalayıb. Müqavilənin ümumi dəyəri təqribən 1 milyard dollar təşkil edib. Təyyarələr 2020-ci ilin sonunadək Azərbaycana çatdırılmalıydı.
Xatırladaq ki, oktyabrın 9-da İndoneziyada və martın 10-da Efiopiyada "Boeing 737 MAX-8" təyyarəsi qəzaya uğrayıb. Bundan sonra Rusiya, ABŞ və Aİ ölkələri daxil olmaqla bir çox ölkənin aviaşirkətləri təhlükəsizlik düşüncəsi ilə bu seriyadan olan təyyarələrin istismarını dayandırıb.
Şərhlər