Dünən Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin ictimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Sevinc Qədirova Qaynarinfo-ya açıqlamasında baş vermiş qəzada "Azərbaycan Dəmir Yolları" QSC-nin heç bir günahı olmadığını və qorunan keçidinhəmin an hər iki tərəfdən şlaqbaunla bağlı olduğunu bildirmişdi. Yayılan video görüntülərdə isə qəza zamanı yolun açıq olduğu görünür.
 
Bu barədə Qaynarinfo-ya açıqlama verən S.Qədirova görüntülərin keyfiyyətsiz olduğunu və çəkiliş bulanıq olduğundan şlaqbaunun görsənmədiyini bildirib:
 
"Yayılan görüntülər çox keyfiyyətsiz görüntülərdir. Həm uzaqdan, həm də bulanıq düşüb. Biz özümüz də həmin görüntülərə baxdıq. Orada çəkiliş uzaqdan aparıldığı üçün şlaqbaun çox nazik şəkildə düşə və görsənməyə bilər. Hazırda daha keyfiyyətli görüntülər əldə etməyə çalışırıq. Keyfiyyətli görüntülər əldə etdikdən sonra bu haqda ictimaiyyətə daha dəqiq məlumat verəcəyik. Ona görə biz daha keyfiyyətli görüntülərə baxandan sonra ətraflı məlumat verə bilərik. Hazırda bu barədə araşdırma gedir".
 
Qeyd edək ki, dünən Binə qəsəbəsində sərnişin avtobusu ilə yük qatarı toqquşub. Qəza nəticəsində 2 nəfər (biri 13 yaşlı məktəbli) ölüb, 32 nəfər isə yaralanlıb.

Çingiz Səfərli