Siyasət 10:53 17.05.2013

Azərbaycan diplomatı Ohayo Ştatının Dövlət Evində

ABŞ-ın Ohayo Ştatında yaşayan türk icmalarını təmsil edən Niaqara Fondu tərəfindən may ayının 15-də Ştatın paytaxtı Kolumbus şəhərində təşkil olunmuş tədbirdə Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin müşaviri Fəxrəddin İsmayılov iştirak edib.

Səfirlikdən Qaynar.info-ya verilən xəbərə görə, Ohayo Ştatının Nümayəndələr Palatası və Senatının yerləşdiyi Dövlət Evində baş tutmuş tədbirdə Nümayəndələr Palatası və Senatın çoxsaylı üzvləri, paytaxt Kolumbusun meri Maykl Kolman, yerli ictimaiyyətin nümayəndələri və türk icmalarının təmsilçiləri qatılıblar.

Niaqara Fondunun icraçı direktoru Serkan Aykan tədbiri açaraq, rəhbərlik etdiyi təşkilatın həyata keçirdiyi fəaliyyətlər haqqında məlumat verib, Ohayo Ştatında müxtəlif icmalar arasında dialoq və əməkdaşlığın təşviqinə çalışdıqlarını bildirmiş və bu məqsədlə vaxtaşırı olaraq Ştat rəsmiləri, akademik dairələr və ictimaiyyət nümayəndələrinin Türkiyə və digər türkdilli ölkələrə təşkil etdikləri səfərləri xatırladıb. S.Aykan o cümlədən Ohayo Ştatı Nümayəndələr Palatasının bir qrup üzvü ilə ötən ilin sentyabrında Azərbaycana etdikləri səfər barədə söz açmışdır. Tədbirin çıxışçıların arasında olmuş Nümayəndələr Palatasının üzvü Con Adams həmçinin Azərbaycana səfər və ölkəmiz ilə bağlı xoş təəssüratlarını bölüşüb.    
         
Tədbir iştirakçıları qarşısında çıxış edən Fəxrəddin İsmayılov öz növbəsində təhlükəsizlik, enerji və iqtisadiyyat başda olmaqla, müxtəlif sahələrdə Azərbaycan və ABŞ arasında qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq barədə danışıb, ikitərəfli münasibətlərin inkişafı sahəsində əldə olunmuş nailiyyətləri qeyd edib və mövcud perspektivlərə istinad edib. İştirakçıların diqqətinə eləcə də Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının 20 ildən artıq davam etdiyi və bu işğalın doğurduğu nəticələr çatdırılıb. 

Bundan əlavə, tədbir çərçivəsində iştirakçılara Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın tarixi, təbiəti, mədəni irsi və mətbəxi barədə hazırlanmış məlumat və təbliğat materialları nümayiş etdirilib. Azərbaycan barədə məlumatları əks etdirən kitab və digər hədiyyələr tədbirin rəsmi hissəsində Səfirliyin əməkdaşı tərəfindən Kolumbus şəhərinin meri Maykl Kolmana təqdim olunub. 

Qaynar.info