Siyasət 12:09 20.05.2013

Azərbaycan ərazisindən İrana zərbə endirməyə icazə verməyəcək

Azərbaycan ərazisindən İsrail və ya ABŞ tərəfindən İrana hərbi zərbə endirmək üçün baza kimi istifadə olunmayacaq. 

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Elman Abdullayev Misir KİV-ə müsahibəsində bildirib.

Misirə ötən həftə baş tutan səfər çərçivəsində Abdullayev Misirin "Əl-Youm Əs-Sabia", "Əl-Əhram", "Dostor Əl-Əsli" və "Təhrir nyus" qəzet və xəbər agentliklərinə müsahibə verib.

Onun sözlərinə görə, Azərbaycan Dağlıq Qarabağ məsələsində Misirin dəstəyinin davam edəcəyinə ümid edir.

XİN-nin rəsmi nümayəndəsi bildirib ki, bu gün Azərbaycan öz torpaqlarını hərbi yolla azad etmək iqtidarındadır: "Lakin biz qan tökülməsini istəmirik və Dağlıq Qarabağ münaqişəsinin diplomatik yolla nizama salınmasına ümid edirik".

Qaynar.info