Siyasət 14:30 15.04.2013

Azərbaycan İsraildə səfirlik açır?

Azərbaycanın İsraildə səfirliyinin açılmasının vaxtı çatıb. 

Trend-in məlumatına görə, bu barədə Milli Məclisin deputatı Rasim Musabəyov Bakıda İsrailin KİV nümayəndələri ilə görüşdə deyib.

"Səfirliyin açılmasına mane olan əngəllərin aradan qaldırılmasının çoxdan vaxtı çatıb. Müsəlman ölkələrinin bu məsələyə müəyyən yanaşması var. Bizim beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyünün tanınması məsələsində həmin ölkələrin dəstəyinə ehtiyacımız var. Lakin bu məsələ gündəlikdədir və inanıram ki, öz həllini tapacaq. Birinci mərhələdə ticarət nümayəndəliyi və ya konsulluğun, sonra isə səfirliyin açılması daha düzgün olardı. İsraildə Azərbaycandan gəlmə təqribən 100 min nəfər yaşayır. Səfirliyin açılması onların ölkəmizə gəlişini asanlaşdıracaq", deyə Musabəyov bildirib.

Onun sözlərinə görə, buna baxmayaraq, səfirliyin olmaması ikitərəfli münasibətlərin inkişafına mane olmur, ikitərəfli münasibətlərin inkişafı üçün bir çox imkanlar var: "Azərbaycan İsraili özünün strateji tərəfdaşı hesab edir, iki ölkə bir çox sahələrdə, xüsusilə müdafiə sənayesi sahəsində sıx əməkdaşlıq edir. Azərbaycan İsrailin neftə tələbatının 40 faizini ödəyir. Bundan başqa, İsrail böyük qaz ehtiyatları aşkar edib, Azərbaycan isə neft-qaz yataqlarının işlənməsində böyük təcrübəyə malikdir və bu sahədə də əməkdaşlıq mümkündür. Bundan əlavə, qarşılıqlı fəaliyyətin perspektivli sahəsi turizmdir".

Qaynar.info