Hüseynbala Səlimov
Ölkə 11:45 21.02.2017

Azərbaycan İsveçrə ola bilərmi?... - Hüseynbala Səlimov yazır

Hüseynbala Səlimov

ÇƏKİŞƏN ŞƏHƏRLƏR...

Hər şeydə öncə, ilk olaraq müsbət tərəfləri görməyə alışmışam. Ona görə də ABŞ  və Rusiyanın silahlı qüvvələrinin Bakı görüşü haqda rəsmi təbliğatımızın bayağı yozumlarını bir kənara qoyaraq mənim zənnimcə daha vacib olan bir detalı qeyd etmək istərdim.
O da budur ki, böyük dövlətlər böyük siyasi tədbirlər üçün adətən kiçik və bəzi hallarda isə neytral ölkələri seçirlər. 

Təsadüfi deyil ki, dünyanın əksər tədbirlərinə İsveçrə və yaxud Belçika kimi kiçik ölkələr ev sahibliyi edir. Onlardan biri neytral, digəri isə həm NATO-nun, həm də Avropa Birliyinin üzvü olan ölkədir. Elə görüşün də bu məqamı mənim diqqətimi daha çox cəlb etdi. Demirəm ki, Azərbaycan dönüb İsveçrə və yaxud da Belçika olacaq. Bunun üçün o, ilk növbədə həmin ölkələr kimi bir azad diyar olmalıdır. 

Amma uzun müdddətdir ki, Qafqazda iki əsas şəhər – Bakı ilə Tbilisi arasında bölgənin siyasi və mədəni mərkəzi olmaq uğrunda əsl rəqabət gedir. Bir də görürsən ki, Tbilisi önə çıxır, bəzən də Bakı onu qabaqlayır. 

Bakı heç sözsüz ki, Qafqazın ən böyük iqtisadi mərkəzidir – bütün dövrlərdə belə olubdur. Bu üstünlük ona digər sahələrdə də liderliyi saxlamağa yardımçı ola bilir. Məsələn, böyük idman tədbirləri sahəsində Bakı mübahisəsiz liderdir. 

Amma bəzən böyük siyasi tədbirlərdə qonşu Tbilisi onu bir azacıq qabaqlayır – Qərb dövlətləri bir çox siyasi və təhlükəsizlik tədbirlərini məhz bu şəhərdə keçirməyə üstünlük verirlər. Buna səbəb Gürcüstanın Qərblə, NATO ilə, Avropa Birliyilə daha ardıcıl siyasət yürütməsidir ki, bunu Azərbaycanla bağlı demək olmur. Həm də qonşu Gürcüstanın bir üstünlüyü də var – burada siyasi iqlim daha mülayimdir... 

O səbəbdən də amerikalı və rusiyalı generalların görüşünün Bakıda keçirilməsi paytaxtımızın aktivinə daha bir xal yazdı. Ona görə də bir daha deyirik ki, Bakı istəsə Qafqazın lap İsveçrəsinə çevrilə bilər. Bunun üçün azad, sabit və ya açıq ölkə olmaq tələb olunur. Azərbaycan nə vaxt bütün bu tələblərə cavab verəcək –bu, artıq həm zaman, həm də siyasət məsələsidir...

İLK TƏMASLARDAN BİRİ...

O ki qaldı Bakı görüşünün başqa təfərrüatlarına, o, həm də başqa bir cəhətdən maraqlı görünürdü – bu, yeni ABŞ hökumətinin Rusiya ilə ilk təmaslarından biri idi. Görüşü Bakıda keçirmək təşəbbüsü kim tərəfdən  olubdur,- bu haqda da müəyyən mülahizələr söyləmək mümkündür...

Məsələ ilə bağlı hazırda ən müxtəılif siyasətçilərin və siyasət ünvanlarının adları hallandırılır. Hətta İsrailin baş naziri B.Netanyahunun da adı çəkilir. Amma burada bir maraqlı detal var. D.Tramp üçün öz sələflərindən fərqli olaraq Bakı da, Azərbaycan da uzaq və ya ekzotik bir diyar deyildir. Məsələn, özünün sabiq respublikaçı həmkarı kiçik C.Buşdan fərqli olaraq onun Azərbaycan sözünü tələffüz etməklə bağlı hər hansı problemi yoxdur. Ona görə də təşəbbüs həm ABŞ-dan və həm də Rusiyadan gələ bilərdi. 

Bizə Rusiya daha ehtimallı görünür. Hələ bir neçə il öncə V.Putin ABŞ-a başqa bir təklif də etmişdi–Qəbələ RLS-ni birgə istismar etmək. İndi eyni uğurla həm Rusiya, həm də ABŞ görüş üçün Bakını seçə bilərdi... 

BU, HƏM DƏ HƏRBÇİLƏRİN GÖRÜŞÜ İDİ...

Görüşün təfərrüatlarını bilmək elə də asan deyil. Xüsusən də nəzərə alanda ki, bu, həm də hərbçilərin görüşü idi. Bəli, ümumi sözlər demək mümkündür – Suriyada birgə hərbi əməliyyatlar, beynəlxalq terrorizmə qarşı mübarizə və s...

Amma bütün bu ümumi sözlər, ifadələr bizim biliklərimizi elə də zənginləşdirmir. Daha çox bunu ehtimal etmək olar ki, görüş bir növ ilk təmasları yaratmaq üçün bir təşəbbüs idi. Artıq xarici işlər nazirləri səviyyəsində müəyyən qədər kontaktlar qurulub - Tramp Rusiya ilə yeni siyasət qurmaqda israrlıdır. Amma onun Rusiya ilə bağlı siyasəti nəinki ölkə mediasının və cəmiyyətin, eləcə də konqresmenlərin və hətta milli təhlükəsizlik strukturlarının ciddi nəzarəti altındadır. 

Yeni hökumətin bir ayı hələ indi tamam olur, amma artıq Rusiya müstəvisində “yanan” ilk məmurlar var – elə bu yaxınlarda prezidentin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi istefa verməli oldu. Qərəz,  çətin proses gedir və güman ki, sürprizlər hələ bundan sonra da olacaq.  

BİR DAHA BALANSLAŞDIRILMIŞ SİYASƏT HAQDA...

Ümid edirik ki, görüşün Bakıda keçirilməsi həm də onun nəticəsi idi ki, həm Kreml, həm də ki, Ağ Ev Bakını özündən bərabər məsafədə təsəvvür edir. Bu, çox mühüm məqamdır. Xüsusən də Rusiyaya bunu qəbul etmək çox çətindir. Amma qəbul etməkdən savayı yolları da yox!

Bəli, bir də  görürsən ki, hanısısa rusiyalı deputat “Azərbaycanı da quberniyalara böləcəklərini” deyir, başqa birisi Dumanın növbəti iclasını Bakıda keçirməyi təklif edir. Amma üstün tendensiya budur ki, əgər Bakı NATO-ya can atmırsa, deməli Moksva üçün dözümlü partnyordur...

Qərəz, Azərbaycanda illərə adlar qoymaq, hər ili bu ya digər məzmunda səciyyələndirmək bir növ ənənədir. Biz də ona sadiq qalırıq. Bu il böyük bir ehtimalla böyük siyasət ili olacaqdır. İnanmırsınız? Tələsməyin, buna özünüz əmin olacaqsınız...

Qaynarinfo.Az