Siyasət 11:52 17.07.2013

Azərbaycan millət vəkilləri ABŞ-da işgüzar səfərdədir

Milli Məclisin Azərbaycan-ABŞ Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun sədri Səməd Seyidovun rəhbərlik etdiyi, millət vəkilləri Sevinc Fətəliyeva və Asim Millazadənin daxil olduğu Azərbaycan nümayəndə heyəti ABŞ Konqresindəki Azərbaycan üzrə Dostluq Qrupunun üzvləri ilə görüşlər keçirmək məqsədilə ABŞ-da işgüzar səfərdədir.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti 16 iyul tarixində Oklahoma ştatını təmsil edən respublikaçı konqresmen Cim Braydenstaynla görüşmüşdür. Görüş zamanı ABŞ və Azərbaycan arasında münasibətlərin yüksələn xətt üzrə inkişafı, xüsusən, enerji, terrorçuluğa qarşı mübarizə sahəsində əməkdaşlıq məsələləri ətrafında geniş fikir mübadiləsi aparılmışdır. 

Konqresmen Bridenstin ABŞ-ın regionda iştirakının vacibliyini vurğulamış, eləcə də Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminində aparıcı rol oynadığını qeyd etmişdir. Bu xüsusda, Cənub Dəhlizi barəsində verilmiş qərarın enerji sahəsində ikitərəfli münasibətlərin daha da dərinləşməsinə xidmət edəcəyinə ümidini ifadə etmişdir.

Qeyd edək ki, konqresmen Braydenstayn 28-29 may 2013-cü il tarixində Bakıda keçirilmiş II ABŞ-Azərbaycan Konvensiyasında iştirak etmişdir.//ANN.Az

Qaynar.info