İdman 17:21 13.06.2013

Azərbaycan millisinin hücumçusu Türkiyəyə gedir

Türkiyənin “Orduspor” klubunun ölkəmizdən transfer etmək istədiyi futbolçu müəyyənləşib. 

Apasport.az saytının məlumatına görə, Ordu təmsilçisi millimizin hücumçusu Branimir Subaşiçi heyətinə cəlb edir. 

“Qarabağ”dan gedəndən sonra sərbəst olan 31 yaşlı milliləşdirilən serbiyalı futbolçu ilə razılıq əldə edən I divizion təmsilçisi müqavilə imzalayandan sonra keçidini rəsmiləşdirəcək. 

Superliqada yerini qoruya bilməyən “Orduspor” I liqaya düşəndən sonra türk ölkələrindən 3 futbolçu gətirib, legioner sayılmamaq qaydasından yararlanır. Belə ki, klub prezidenti Nedim Türkmən Azərbaycan və Qazaxıstandan futbolçu almaq istədiklərini açıqlayıb. Qazaxıstan yığmasının üzvləri David Loriya və Samat Smakovla yanaşı, Azərbaycan vətəndaşlığını daşıdığından əcnəbi sayılmayacaq Subaşiç siyahıya daxil edilib.

Qeyd edək ki, “Orduspor”da oynamış azərbaycanlı futbolçu artıq karyerasını bitirən millimizin sabiq yarımmüdafiəçisi Anatoli Ponomaryov olub. 

Qaynar.info