Foto 14:23 13.05.2018

Azərbaycan nümayəndə heyəti Britaniya Kraliçası ilə görüşdü (FOTOLAR)

Azərbaycan Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı, Mədəniyyət Nazirliyi və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə xalqımızın dünya atçılığına bəxş etdiyi xüsusi at cinsi olan Qarabağ atları Dövlət Sərhəd Xidmətinin "Süvarilər” atlılar dəstəsinin təqdimatında Britaniya Kraliçası II Elizabetin doğum günü ərəfəsində təşkil olunan "Royal Windsor Horse Show” adlı tədbirdə möhtəşəm şou proqramla çıxış edib. 

Qaynarinfo xəbər verir ki, şounun tərkib hissəsi olaraq 24 nəfərdən ibarət "Sərhədçi” rəqs qrupu, "Natiq Ritm Qrupu”, rəssamlar və fakirlər də meydanda ölkəmizi təmsil etdilər "Royal Windsor Horse Show” atçılıq tədbiri bu il 75 illik yubileyini qeyd edir. "Land of Fire - Azerbaijan” adı ilə təqdim olunan xüsusi proqram yarış izləyiciləri tərəfindən böyük maraqla qarşılanıb.



Azərbaycanın bu tədbirdəki ilk iştirakından etibarən bütün dünya vətənimizin igidlik və məğrurluq rəmzlərindən biri olan Qarabağ atına valeh olub. Təsadüfi deyil ki, Kraliçaya aid "Windsor” qəsri 1956-cı ildə ilk Qarabağ atı – "Zaman” ilə tanış olmuşdur. Həmin il məhz II Elizabetə hədiyyə olunan Qarabağ atı Böyük Britaniyaya Azərbaycanın qədim atçılıq mədəniyyətini ilk dəfə tanıdıb.
 


Bütün tamaşaçıları heyran etmiş "Odlar Yurdu – Azərbaycan” adlı kompozisiyada Azərbaycan Respublikasının əməkdar artisti Natiq Şirinovun rəhbərliyi ilə "Natiq” ritm qrupunun ecazkar müşayiətinin sədaları altında məşqçi Azər Həmzəyevin rəhbərliyi ilə Qarabağ atlarının belində inanılmaz və möhtəşəm igidlik hərəkətləri icra edən Dövlət Sərhəd Xidmətinin 20 süvarisi, xoreoqraf, Azərbaycan Respublikasının əməkdar artisti Nailə Məmmədzadənin rəhbərliyi ilə "Sərhədçi” rəqs ansamblı, alov püskürən fakirlər qrupu və iki gənc rəssam iştirak etmişlər. 12 dəqiqə davam edən bu şounun quruluşçu rejissoru Azərbaycan Respublikasının əməkdar artisti Nicat Kazımovdur. 



12 may 2018-ci il tarixində Atçılıq Federasiyasının nümayəndə heyəti Böyük Britaniya taxt-tacının sahibi, Ülyahəzrət Kraliça II Elizabetlə görüşmüş və tuncdan hazırlanmış Qarabağ atı heykəlini Azərbaycan nümayəndə heyəti adından rəsmi hədiyyə olaraq təqdim edib.