Foto 17:38 21.05.2018

Azərbaycan nümayəndə heyəti Kaliforniya siyasi xadimlərilə görüşlər keçirib (FOTOLAR)

Kaliforniyada səfərdə olan, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi Azərbaycanda yaşayan müxtəlif dini icmaların rəhbərlərindən ibarət nümayəndə heyəti 16 may tarixində San Fransisko Şəhər Şurasının üzvü Norman Yi, 18 may tarixində isə Kaliforniya Ştat Senatoru Ceri Hill ilə görüşlər keçirib.
 
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Qaynarinfo-ya bildirilib ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti həmçinin San Fransiskoda yerləşən Presidio kilsəsi, "Grace Cathedral” kilsəsi və Şerit İsrail sinaqoqunu ziyarət edərək, onların fəaliyyəti ilə tanış olub.

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev görüşlərdə iştirak edib. 

Görüşlər zamanı Azərbaycanın tarixi tolerantlıq və zəngin multikulturalizm ənənələri haqqında geniş məlumat verilib. Görüşlərdə Azərbaycanda İslam dini ilə yanaşı, digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqları diqqətə çatdırılıb, həmçinin bu ənənələrin artıq ölkəmizdə dövlət siyasəti səviyyəsinə yüksəldildiyi vurğulanıb.