Biz dünən Ermənistan respublikasının baş naziri tərəfindən Ümumi Müzakirədə edilmiş bəyanata cavab vermək üçün çıxış istədik. İlkin təəssürat ondan ibarətdir ki, natiq özünün adlandırdığı "Məxmər inqilabı”nın  hələ də təsiri altındadır və populist və olduqca ziddiyyətli ritorikadan çıxış edərək BMT Baş Assambleyasını Gümrü və Yerevan küçələri ilə səhv salıb.

Qaynarinfo xəbər verir ki, bu, BMT Baş Assambleyasının 73-cü sessiyasının ümumi müzakirələrində Ermənistan baş nazirinin bəyanatına cavab haqqından istifadə edən Azərbaycan respublikasının nümayəndə heyətinin bəyanatında öz əksini tapıb. 

"Baxmayaraq ki, Ermənistan baş naziri ölkəsinin hakimiyyətdən salınmış hökumətini avtoritar idarəetmə, korrupsiya, demokratiya və insan hüquqlarını pozmaqda günahlandırmaq üçün söz seçimində qətiyyətli deyildi, onun Ermənistan və Azərbaycan arasında davam etməkdə olan münaqişə üzrə verdiyi şərhlər sələflərinin keçmişdə inadkarcasına istifadə etdiyi frazeologiyadan çox az fərqlənirdi”-deyə, qeyd edən bəyanat müəlliflərinin fikrincə, nəticədə, Ermənistan baş nazirinin bəyanatı Azərbaycana qarşı müharibənin başlanılması və onun ağır nəticələrinə görə məsuliyyəti və faktları rədd etmək üçün növbəti uğursuz cəhdə çevrildi: 

"Məlumdur ki, Ermənistan Dağlıq Qarabağ, ətraf yeddi rayonu və bəzi eksklavlar da daxil olmaqla Azərbaycan ərazilərinin bir hissəsini zəbt etmək və orada özünə tabe olan kiçik irqçi rejim qurmaq üçün hərbi qüvvədən istifadə etdi.

Ermənistanın başladığı müharibə on minlərlə insanın həyatına bais oldu, şəhərləri, rayonları, kəndləri viran qoydu, bir milyondan çox Azərbaycanlının öz doğma evlərindən və mülklərindən zor gücü ilə qovulması ilə nəticələndi və hələ də minlərlə insan münaqişə ilə bağlı itkin düşüb. 

Ermənistan baş nazirinin bəyanatında müşahidə etdiyimiz iddia və yalnış yozmalar, xüsusilə də onların Təhlükəsizlik Şurasının Azərbaycana qarşı gücdən istifadəni, onun ərazilərinin bombalanması və işğalını pisləyən, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörməti, beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazilərin tutulması üçün gücdən istifadənin qəbuledilməz olduğunu bir daha təsdiq edən Birləşmiş Millətlərdə səslənməsi, xüsusilə heyrət doğurur”. 

Bundan əlavə, bəyanatda qeyd olunur ki, Ermənistanın ərazi iddiaları və güc tətbiqinə cavab olaraq, Şura bir daha təsdiq etdi ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və tələb etdi ki, işğalçı qüvvələr dərhal, tamamilə və qeyd-şərtsiz bütün işğal olunmuş torpaqlardan çıxsınlar: 

"Başqa sözlə, Təhlükəsizlik Şurası bu qətnamələrdə Azərbaycana qarşı hərbi qüvvə tətbiq olunması faktını, bu hərəkətlərin qanunsuz olduğunu, Birləşmiş Millətlər Nizamnaməsi ilə ziddiyyət təşkil etdiyi və beynəlxalq münasibətlərdə silahlı qüvvədən istifadənin qadağan olunmasına uyğun gəlmədiyini və onların Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün açıq şəkildə pozulması olduğunu etiraf etdi.

Təəccüb doğurmur ki, öz çıxışında Ermənistan baş naziri bilərəkdən Təhlükəsizlik Şurasının qətnamələri üzərindən sükutla keçdi. Eynilə o, münaqişə ilə bağlı qəbul edilmiş digər mühüm sənədlərə də istinad etmədi.

Ermənistanın bəyan etdiyi öhdəlikləri və əməlləri hər zaman münaqişənin sülh yolu ilə həlli məqsədi ilə uyğun gəlməyib.

Ermənistan baş nazirinin bəyanatı heç də istisna deyil. Həqiqətdə, suveren dövlətin ərazisini işğal etmək üçün hərbi gücdən istifadə etməklə Ermənistan siyasi həll yoluna alternativin olmasına qəti inamını nümayiş etdirdi”.

Bəyanatda həmçinin bildirilir ki, erməni xalqına qarşı yeni mifik soyqırım təhlükəsi haqqında iddialar növbəti yalanın göstəricisidir:

 "Sadəcə onu qeyd etmək yetərlidir ki, həm öz, həm də işğal etdiyi Azərbaycan torpaqlarında bütün qeyri-ermənilərdən tam etnik təmizləmə həyata keçirən Ermənistandan fərqli olaraq, Azərbaycan bu günədək etnik və mədəni müxtəlifliyini qoruyub saxlamış və paytaxt Bakı şəhəri və ölkənin digər bölgələrində sülh, harmoniya və şərəflə həyat sürən on minlərlə erməninin evidir. 

Ermənistan rəhbərliyinin demokratiya, insan hüquqları və münaqişənin sülh yolu ilə həlli bəyanatları cəfəngiyyatdır və onlar Azərbaycan ərazilərinin işğalına son qoyulması və məcburi didərgin düşmüş Azərbaycanlıların şərəf və ləyaqətlə Azərbaycanın Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərindəki evləri və mülklərinə geri qayıtmasının təmin edilməsinə gətirən əsl fəaliyyətə çevrilməyənədək boş söz olaraq qalacaq.

Kompromis yox, vacib olan bu məqsədə nail olunması Azərbaycanın konstitusional və hüquqi çərçivəsi daxilində Dağlıq Qarabağ bölgəsinin hər iki icmasının bərabər və tam iştirakı ilə digər məsələlərin cavablandırılması üçün lazımı şərtləri yaradacaq.

Ermənistanın işğalçı və müstəmləkəçilik siyasətinin məqsədinə çatmaq şansı yoxdur. Dağlıq Qarabağ hər zaman Azərbaycanın ayrılmaz hissəsi olub və belə olaraq qalacaq.

Azərbaycan torpaqlarının hərbi işğalı müvəqqətidir və heç vaxt Ermənistan tərəfindən arzu edilən nəticələri verməyəcək.

Yerevan öz xalqını və beynəlxalq ictimaiyyəti yanıltmaq kimi faydasız cəhdlərindən əl çəkməli, münaqişənin həlli prosesində konstruktiv şəkildə iştirak etməli və öz beynəlxalq öhdəliklərinə əməl etməlidir”.