Azərbaycan Müdafiə Nazirliyi təmas xəttinə yaxın yerləşən poliqonlarda komanda-qərargah təlimləri çərçivəsində həyata keçirilən döyüş atışlarına dair videokadrları yayıb.

Kadrlara əsasən Azərbaycan ordusunun müxtəlif kalibrli artilleriya və reaktiv yaylım atəşi sistemləri əvvəlcə şərti düşmən hədəflərinə sarsıdıcı zərbələr endirir.

Artilleriya hazırlığının ardınca təlimlərdə hadisələr klassik hərb nəzəriyyəsinə uyğun cərəyan edir-zirehli texnika və tanklar, digər döyüş maşınları müəyyən olunmuş hədəflərə doğru sürətli hücuma başlayır. Bu zaman mühəndis-istehkam texnikası hücum edən texnikanın yolunu açır, minaları təmizləyir.

Bu, Azərbaycan ordusunun müntəzəm olaraq keçirdiyi hərbi təlimlərdə tez-tez məşq edilən ssenaridir. Aydın görünür ki, hərbi oyunlarda işğal altındakı ərazilərdə mövqe tutmuş düşmənin hədəflərinə əvvəlcə bütün növ artilleriya-raket qurğularından sarsıdıcı yaylım atəşi ilə zərbə endirilməsi, habelə düşmənin mümkün təchizat kommunikasiyalarının və qərargahlarının eyni anda vurulması, ardınca isə sürətli hücumla mövqelərin ələ keçirilməsi sınaqdan keçirilir.

Bundan əvvəl Müdafiə Nazirliyi Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komanda-qərargah təlimləri çərçivəsində şərti düşmən hədəflərinə hücumunu və mövqelərin ələ keçirilməsini əks etdirən effektiv videokadrları yaymışdı.(virtualaz.org)
 


Qaynarinfo.Az