Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin kadr işləri üzrə heyətinin təlim-metodiki toplantısı keçirilib.

Bu barədə Qaynarinfo-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdən əvvəl xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirilib.

Toplantıda çıxış edən müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunda islahatların davam etdirildiyini qeyd edib. Nazir müavini həmçinin kadr orqanlarının Müdafiə Nazirliyində mühüm xidmət sahələrindən biri olduğunu bildirərək ordu rəhbərliyi tərəfindən bu sahəyə ciddi diqqət yetirildiyini xüsusi vurğulayıb.

Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinin rəisi polkovnik Elçin Xəlilov ötən il ərzində kadr orqanı işçilərinin təkmilləşdirilməsi üzrə görülmüş işlər və 2018-ci ildə qarşıda duran vəzifələr, eləcə də peşəkar kadr heyətinin formalaşdırılması və inkişafı, işçilərin bacarıqlarının artırılması istiqamətində həyata keçirilən vacib tədbirlər barədə ətraflı məruzə ilə çıxış edib.

Bildirib ki, bu sahədə görülən bütün işlər hərbi qanunvericilik aktlarının tələblərinə uyğun təşkil olunur. Kadrların idarə edilməsi prosesinin təkmilləşdirilməsi, kadr potensialının keyfiyyətinin daha da yüksəldilməsi əsas bir məqsədə - Ali Baş Komandanın və müdafiə nazirinin şəxsi heyət qarşısında qoyduqları vəzifə və tapşırıqların layiqincə yerinə yetirilməsinə xidmət edir.

Toplantıda Müdafiə Nazirliyinin müxtəlif qurumlarının və hərbi hissələrin zabitləri də çıxış edərək Azərbaycan ordusunun döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması barədə fikirlərini bölüşüblər.