Ölkə 18:24 21.01.2013

Azərbaycan ordusunun zabitindən qanunsuz hərəkət (YENİLƏNİB)

11:32

Sosial şəbəkələrdə Azərbaycan ordusunun zabitinin əsgərlərə işgəncə verməsi faktını əks etdirən foto yayılıb. Lent.az-ın məlumatına görə, hərbi hissələrdən birində taborda məxfi hissə rəisi kimi xidmət etdiyini bildirən və özünü Ülvi Namazlı kimi təqdim edən hərbçi əsgərlərə soyundurub və onların kürəklərinə “GƏNCƏ” sözünü yazıb.

Əsgərlərin kürəklərinə diş pastası ilə yazılmış sözlə şəkil çəkdirən hərbçi daha sonra fotonu sosial şəbəkələrdə paylaşıb. Hərbçinin hərəkəti insanlarda narazılığa səbəb olub, şəbəkələrdə bununla bağlı müzakirələr aparılır.

Müdafiə Nazirliyindən Lent.az-a bildirilib ki, məsələyə gün ərzində münasibət bildiriləcək.


15:24

Sosial şəbəkələrdə yayılan və böyük səs-küyə səbəb olan fotodakı Ülvi Namazlının atası Musavat.com-a açıqlama verib.

Eldəniz Namazlının sözlərinə görə, oğlu zabit deyil və cəmi 40 günün əsgəridir. O bildirib ki, foto karantin dövründə Beyləqanda çəkilib. Əsgərlər xatirə fotosu çəkdirmək istəyiblər və nədənsə ağıllarına bu cür qeyri-adi yol gəlib.

Eldəniz Namazlının sözlərinə görə, fotonun orduda "dedovşina" faktı kimi qələmə verilməsi doğru deyil.

Aldığımız məlumata görə, bu gün yayılan fotoşəkil orduda böyük ajiotaj doğurub. Müdafiə Nazirliyinin məsul əməkdaşları dərhal məsələni araşdırıblar və hadisənin baş verdiyi hərbi hissəni taparaq, onun rəhbərliyinin cəzalandırıblar. General rütbəli bir zabit həmin hərbi hissəyə gələrək intizamsızlığa yol vermiş əsgəri özü ilə aparıb.

18:24

Müdafiə Nazirliyi hərbi hissədəki foto qalmaqalı ilə əlaqədar araşdırmaya başlayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, N saylı hərbi hissənin əsgəri Namazlı Ülvi Eldəniz oğlunun sosial şəbəkələrdə paylaşdığı foto görüntülərlə bağlı araşdırmaya başlanılıb.
 
“İlkin məlumata görə, eyni çağırışdan və eyni bölgədən olan əsgərlərin Gəncə şəhərinə istəklərini ifadə etmək üçün belə vasitəyə əl atdıqları bildirilir. Buna baxmayaraq, Müdafiə Nazirliyi Hüquq İdarəsinin apardığı araşdırmanın nəticəsi barədə ictimaiyyət məlumatlandırılacaq.
 
Bəzi informasiya vasitələrində əsgər Namazlı Ülvinin zabit qismində təqdim edilməsinin də yanlış olduğunu diqqətə çatdırırıq” – deyə məlumatda bildirilir.