Bu gün Azərbaycan Premyer Liqasında 1-ci tura yekun vurulacaq.
Qaynarinfo xəbər verir ki, turun son matçı "Bakcell Arena"da "Neftçi" ilə "Sabah" arasında baş tutacaq.
Yay transfer dönəmində heyətini bir sıra futbolçularla gücləndirən "Sabah" bu mövsüm daha yüksək pillələr uğrunda oynamağı planlaşdırır. Ötən mövsümü 7-ci pillədə tamamlayan Elşad Əhmədovun komandası bu il daha yaxşı nəticələr qazanmaq niyyətindədi. Klub bu mövsüm Cavid Tağıyev), Kevin Kubemba, Ruslan Abışov, Məhəmməd Mirzəbəyov, Bəhlul Mustafazadə, Amadu Diallo, Hendrik Eksteyn, Abbas Ağazadə, Anar Panayev, Oleq Karnaux, Ulisse Diallo kimi futbolçuları heyətinə qatıb. Əvəzində komandanın bombardiri Marko Deviç və bir sıra futbolçularla yolları ayırıb.
Avroliqanın 3-cü təsnifat mərhələsində "Bney Yehuda"ya məğlub olan və mübarizəni dayandıran "Neftçi" də artıq yeni mövsümə köklənib. Şübhəsiz ki, komandanın əsas hədəfi çempionluq, ən azı ötənilki "gümüş medalçı" titulunu qoruyub saxlamaqdı. Yay fasiləsində Roberto Bordinin komandasında da xeyli dəyişikliklər həyata keçirilib. Gedənlərin sayı daha çox olsa da komandanın heyəti Rauf Əliyev, Vojislav Stankoviç, Stiven Jozef-Monroz, Dario Frederiko ilə gücləndirilib. Bu da o anlama gəlir ki, "Neftçi" bu mövsüm də "Qarabağ"la çempionluq uğrunda ciddi mübarizə aparmağa iddialıdı.
Azərbaycan Premyer Liqası, 1-ci tur
19 avqust
20.00. "Neftçi” – "Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
"Bakcell Arena”
1-ci tur çərçivəsində keçirilmiş digər oyunların nəticələri:
"Qəbələ” – "Sumqayıt” 0:2
(Mehdi Şərifi, 13, 29)
"Keşlə” – "Qarabağ” 0:1
(İsmayıl İbrahimli, 78)
"Səbail" - "Zirə" 1:0
(Yevgeni Koçuk, 79-p.)
Şərhlər