Ekonomiks 16:01 29.10.2014

Azərbaycan Qazaxıstana benzin satmaqdan imtina etdi


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qazaxıstana avtomobil benzini ixrac etməyi planlaşdırmır.

Qaynar.info xəbər verir ki, bu barədə "Report"a şirkətdən məlumat verilib. SOCAR-dan bildirilib ki, şirkətin əsas vəzifəsi ilk növbədə neft məhsullarına olan daxili tələbatın ödənilməsidir.

"Qazaxıstan tərəfi bu təkliflə bizə müraciət edib, lakin bizim ixrac üçün əlavə benzin ehtiyatlarımız yoxdur. Azərbaycan əlavə benzin həcmlərini ixrac edə bilərdi, lakin biz bu gün həmin həcmlərə sahib deyilik və ölkədə istehsal olunan bütün benzin, demək olar ki, daxili bazara çıxarılır", - deyə mənbədən bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl Qazaxıstanın energetika nazirinin müavini Uzakbay Karabalin qeyd edib ki, "KazMunayQaz" Milli Şirkəti ölkədə yanacaq-sürtgü materialları (YSM) çatışmazlığını aradan qaldırmaq üçün Azərbaycan və Türkmənistandan benzin idxalı imkanlarını nəzərdən keçirir.

"Bazarı YSM ilə təmin etmək üçün öz zərərinə olsa belə Qazaxıstan bazarı üçün YSM idxalının təşkili qərara alınıb. Bir çox şirkətlərlə danışıqlar aparılıb və hazırda 69 min ton benzinin idxal olunması haqqında razılıq əldə olunub", - deyə nazir müavini vurğulayıb.

Qaynar.info