Siyasət 14:47 01.12.2017

Azərbaycan və Əfqanıstan prezidentləri bəyanat verdi (FOTOLAR)

Azərbaycan prezidenti İlham Əliyevin ölkəmizdə işgüzar səfərdə olan Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qani ilə təkbətək görüşü olub. 

Qaynarinfo xəbər verir ki, görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub. Bakıda keçirilən "Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində 7-ci nazirlər konfransının əhəmiyyəti qeyd edilib. Bu səfərin ölkələrimiz arasında münasibətlərin daha da genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Görüşdə qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər müzakirə edilib.




Daha sonra İlham Əliyevvə Məhəmməd Əşrəf Qaninin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Dövlət başçıları görüşdə çıxış ediblər: 
 
İlham Əliyev: "Hörmətli cənab Prezident, əziz qonaqlar, Azərbaycana bir daha xoş gəlmisiniz. Cənab Prezident, Sizi görməkdən çox məmnunam. Gəlişinizə görə minnətdaram. Bu, Sizin ölkəmizə artıq üçüncü səfərinizdir. Eyni zamanda, bizim bir çox beynəlxalq tədbirlər zamanı görüşmək imkanımız olub. Çox yaxşı şəxsi münasibətlərimiz qurulub. Həmçinin ölkələrimiz arasında əlaqələr çox uğurla inkişaf edir.

Əvvəlcə, mən Sizi və hökumətinizi ölkənizdə inkişaf sahəsində əldə etdiyiniz nailiyyətlərə görə təbrik etmək istərdim. Yanaşmanız Əfqanıstan üçün islahatların yaxşı sürətlə getməsini mümkün etdi. Şadam ki, əməkdaşlığımızın bir hissəsi islahatlarla, xüsusən də dövlət sektoru və digər sahələrlə bağlıdır.

Biz dostuq, biz tərəfdaşıq. Çox güclü siyasi münasibətlərimiz var. Bir-birimizi beynəlxalq təşkilatlarda dəstəkləyirik. İqtisadi və ticari sahələrdə böyük potensial mövcuddur. Bunları Sizinlə artıq müzakirə etdik. Onların sırasında daşımalar və enerji sahələri var. Bu gün keçirdiyimiz təkbətək görüşümüzdən sonra nümayəndə heyətlərimiz gündəliyimizi daha geniş şəkildə müzakirə edəcəklər. Mən ikitərəfli iqtisadi fəaliyyət sahəsində çox sıx çalışmaq üçün aidiyyəti rəsmi şəxslərə müvafiq göstərişlər vermişəm".
 


Məhəmməd Əşrəf Qani: "Bismillahir-rəhmanir-rəhim. Cənab Prezident, Bakıya gəlməyimiz məmnunluğa çevrilib. Buraya səfərimi, eləcə də mümkün olan təqdirdə hər bir beynəlxalq tədbirdə Sizinlə görüşməyi səmimiyyətlə arzulayırdım.

Əvvəlcə, böyük nailiyyətlərlə bağlı Sizi bir daha təbrik etmək istərdim. İcazə verin, illər boyu verdiyiniz dəstəyə görə Əfqanıstan xalqı adından Sizə bir daha minnətdarlığımı bildirim. NATO qüvvələrinin marşrutu, demək olar ki, kəsildiyi zaman, Siz öz hava dəhlizinizi açdınız.

Bakının gözəlləşdirilməsinə, onun yüklərin sürətli çatdırılma mərkəzinə çevrilməsinə böyük həcmdə resurslar ayırdınız. İndi isə artıq Lapis-Lazuli sazişi imzalanıb.

Fikrimcə, aramızda səmimi şəxsi münasibətlər, o cümlədən ölkələrimiz arasında yaxşı gələcəyi olan əlaqələr qurulub. İcazə verin, öz mülahizələrimi bildirim. Sonra isə, göstərişlərimiz əsasında həmkarlarımız işləyə bilərlər. Əvvəlcə, Sizin təcrübənizdən öyrənməyi çox arzulayırıq. Rabitə Nazirliyimiz hazırda "ASAN xidmət”i ölkəmizdə həyata keçirir.



Bu gün həmçinin İlham Əliyevin və Məhəmməd Əşrəf Qaninin iştirakı ilə Azərbaycan-Əfqanıstan sənədlərinin imzalanması mərasimi olub.

"Azərbaycan Respublikası Hökuməti və Əfqanıstan İslam Respublikası Hökuməti arasında iqtisadi-ticarət sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Əfqanıstanın maliyyə naziri Eklil Əhməd Hakimi imzalayıb.

"Azərbaycan Respublikası Hökuməti və Əfqanıstan İslam Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş”i Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Əfqanıstanın maliyyə naziri Eklil Əhməd Hakimi imzalayıb.

"Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Əfqanıstan İslam Respublikasının Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Əfqanıstanın xarici işlər naziri Səlahuddin Rabbani imzalayıb.

"Azərbaycan Respublikası Hökuməti və Əfqanıstan İslam Respublikası Hökuməti arasında təhlükəsizlik və hüquq mühafizə fəaliyyəti sahəsində Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Əfqanıstanın xarici işlər naziri Səlahuddin Rabbani imzalayıb.

"Azərbaycan Respublikası Hökuməti və Əfqanıstan İslam Respublikası Hökuməti arasında hava xidmətləri haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Əfqanıstanın xarici işlər naziri Səlahuddin Rabbani imzalayıb.




Sənədlərin imzalanması mərasimindən sonra İlham Əliyev və Məhəmməd Əşrəf Qani mətbuata bəyanatlarla çıxış ediblər.