Ekonomiks 17:22 09.09.2013

Azərbaycan xaricə yumurta satacaq

Azərbaycan xarici ölkələrə yumurta ixrac etməyə hazırlaşır.

Hazırda bu istiqamətdə bir sıra ölkələrlə danışıqlar aparılır. Kənd Təsərrüfatı Nazirliyi heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcov «APA-Economics»ə bildirib ki, indi bu məsələ ilə bağlı Qazaxıstan, Gürcüstan, Tacikistan və Türkmənistanla danışıqlar gedir.
 
«Hazırda bizdə təxminən 16 mln. ədəd yumurta var. Yay ayları olduğu üçün yumurtaya tələbat çox deyil. Ona görə də biz bu məhsulu xaricə satmaq istəyirik», - deyə Ç.Fərəcov açıqlayıb.
 
Onun sözlərinə görə, payızın gəlməsi ilə əlaqədar olaraq, yəni havalar soyuduqca yumurta istehsalı da azalır: «Əgər may ayında bir toyuq 30 yumurta verirsə, indi bu rəqəm 12-yə düşüb, dekabrda isə 5-6-ya düşəcək. Bu, fizioloji prosesdir».

Qaynar.info