İdman 23:16 02.12.2017

“Azərbaycan yığmasını yaxşı tanıyırıq” – İran millisinin baş məşqçisi

İranın İsfahan şəhərində keçiriləcək "4 Top Nations" futzal turnirində iştirak edəcək komandalar artıq adıçəkilən şəhərdədir.

Qaynarinfo apasport.az-a istinadən xəbər verir ki, son məşqlərini keçən iştirakçılardan İran millisinin baş məşqçisi Mohammad Nazemalsharieh AFF-nın mətbuat xidmətinə müsahibə verib.

- Turnirlə bağlı fikrinizi bilmək istərdik...

- Seçim edərkən, məqsədimiz yarışda daha güclü, keyfiyyətli oyun nümayiş etdirən komandaların dəvət edilməsi idi. Buna görə də Avropa ölkələrini dəvət etdik. Reytinq siyahısına da baxsanız, turnirə qatılacaq millilərin kifayət qədər güclü olduqlarını görəcəksiniz.

- Niyə məhz Avropa təmsilçiləri?

- Çünki Avropa komandaları həm keyfiyyətli oyun nümayiş etdirir, heyətlərində texniki göstəricilərinə görə seçilən futzalçılar yer alır, həm də nizam-intizamlı olmaları ilə seçilir. Asiya bu səviyyədə rəqiblər tapmaq çətindir. Biz də mümkün qədər daha güclü komandalarla qarşılaşmaq istəyirik.

- Yarışda ilk oyununuzu Azərbaycan millisinə qarşı keçirəcəksiniz. Rəqibi yaxından tanıyırsınızmı?

- Əlbəttə, tanıyırıq. Biz bu komanda ilə ötən il keçirilmiş dünya çempionatında qarşılaşmışıq. Həmin oyunda qalib olmadı, tərəflər hərəyə 1 xalla kifayətləndi. Təbii ki, rəqibimizə hörmətlə yanaşırıq. Onların dünyanın "Top-10"luğunda olması nəyə qadir olduqlarının göstəricisidir. Yaxşı və maraqlı oyun keçəcəyini gözləyirik. Oyundan əvvəl favorit olmur.

- Turnirin aşkar favoriti qismində İranı fərqləndirmək olarmı?

- Bütün komandaların qalib olmaq üçün şansı var. Hər şey millilərin öz əlindədir. Futzalda nəticəni əvvəlcədən müəyyənləşdirmək mümkün deyil. Hətta 30 saniyə ərzində oyunun nəticəsi dəyişə bilər. Ona görə də oyunçularım hansı komandalara qarşı oynadıqlarını bilirlər.