Ölkə 15:04 21.01.2013

Azərbaycan Ziyalılar Birliyi böyüdü

Cənub Regional Ziyalılar Birliyi Azərbaycan Ziyalılar Birliyinə birləşməsi ilə bağlı bəyanat yayıb. Bu barədə Cənub Ziyalılar Birliyinin sədri İltifat Rəhimzadə məlumat verib.

Qaynar.info-nun məlumatına görə, bəyanatda bildirilir:

"Cənub Regional Ziyalılar Birliyi respublikamızın cənub regionunda yaşayan bir qrup ziyalılar tərəfindən 2005-ci ildə, Lənkəran şəhərində yaradılmışdır. Fəaliyyəti dövründə yüzlərlə ziyalını sıralarında birləşdirmiş təşkilat regionda vətəndaş cəmiyyətinin formalaşdırılmasının əsası olan fəal vətəndaş mövqeyinin təmin olunması üçün müəyyən işlər görməyə nail olmuşdur. Ziyalıların iştimai fəallığının ölkədə, o cümlədən cənub regionunda demokratik, vətəndaş cəmiyyətinin əsası hesab olunan demokratik düşüncənin formalaşdırılmasının prioritetliyini qəbul edən təşkilat işlərini bu istiqamətdə qurmağa çalışmışdır. Birlik cəmiyyətdə ziyalıların rolu və nüfuzunun artırılması, mədəniyyət, təhsil, ədəbiyyat sahələrinə, o cümlədən regionun tarixinin öyrənilməsi və tədqiqinə dair təkliflərin hazrlanması sahəsində müəyyən işlər görməyə nail olmuşdur.

Fəaliyyət istiqamətlərinin, məqsəd və məramının eyni olduğu Azərbaycan Ziyalılar Birliyi ilə vahid təşilatda birləşmək haqqında Cənub Regional Ziyalılar Birliyi üzvlərinin istəyini nəzərə alan təşkilat özünün ümumi yığıncağını keçirmişdir. Yığıncaq fəaliyyət səmərəliliyini daha da artırmaq, ölkə ziyalıları ilə sıx əlaqələr qurmaq məqsədilə Azərbaycan Ziyalılar Birliyi ilə birləşmək haqda qərar qəbul etmiışdir".

Cənub Ziyalılar Birliyi təşkilati fəaliyyətinə xitam verməklə bundan sonrakı fəaliyyətini Azərbaycan Ziyalılar birliyinin tərkibində davam etdirəcək.