Ölkə 12:16 29.09.2017

Azərbaycanda 2000 kitabxana bağlanıb (AÇIQLAMA)

"Bölgələrdə insanlar öz işlərini normal qura bilməsələr, kitabxanalar da getdikcə labüdlüyünü itirəcək".

"Qaynarinfo" xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Kitab, kitabxana və innovasiyalar” mövzusunda keçirilən müşavirədə bildirib.

Bir müddət öncə Təhsil naziri Mikayıl Cabbarov müəssisələrin rasionallaşdırılması məqsədi ilə 300-dən çox məktəbdənkənar tədris müəssisənin ləğv edilərək, digər müəssisələrə birləşdirilməsi barədə əmr imzalayıb. Aparılan tədbirlər nəticəsində bir çox insanın daimi iş yerini itirməsi proqnozlaşdırılır.

Bəs fəaliyyəti olmayan kənd kitabxanaları və klublar necə?!


Demək olar ki, bütün kəndlərimizdə kitabxana və klublar var, əksəriyyəti isə Sovet dövründən qalan uçuq-sökük evlərdə, uyğunlaşdırılmış binalarda fəaliyyət göstərir. Ən yaxşı halda ildə 1-2 dəfə tozu alınmaq üçün açılır desək, yanılmarıq. Təəssüf ki, dövlət büdcəsi hesabına maliyyələşən bu tip müəssisələrdə il ərzində demək olar ki, heç bir tədbir keçirilmir. Belə müəssisələrin saxlanmasının bir əhəmiyyəti varmı, yoxsa onların da fəaliyyəti dayandırılmalıdır?

Məsələ ilə bağlı "Qaynarinfo"ya danışan Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov bu sahədə islahatların uzun illərdir aparıldığını və optimallaşma işlərinin bu gün də davam etdirildiyini bildirib:


"Dünən cənab nazirin iştirakı ilə respublika müşavirəsi keçirildi. Burada kitabxana məsələsinə toxunuldu. Bizdə artıq 10 ildir ki, bu sahədə islahatlar aparılır. Həm kitabxana şəbəkəsində, həm mədəniyyət evlərində, eyni zamanda klublarda respublika üzrə optimallaşma gedir. Müasir tələblərə cavab verən müəssisələrin fəaliyyətinin qaydaya salınması üzərində iş aparılır. Kitabxana şəbəkəsində kitabxana informasiya mərkəzlərinin, turizm informasiya mərkəzlərinin yaradılması, eyni zamanda kəndlərdə istifadəsiz, bəzi evlərdə, uyğunlaşdırılmış binalarda yerləşən klub və kitabxanaların fəaliyyəti üzrə iş gedir. 2006-cı ildə bizdə 4500-ə yaxın kitabxana var idisə, islahatlar nəticəsində bu gün həmin rəqəm 2500-ə qədər azaldılıb. Optimallaşma, kitabxanaların bəzilərinin birləşdirilməsi, eyni zamanda fəaliyyəti olmayan klubların bağlanması, yaxud yenidənqurulması bu gün də davam etdirilir".

Çingiz Səfərli

Qaynarinfo.Az