Video 22:07 19.05.2018

Azərbaycanda 26 mindən çox uşaq bu xəstəlikdən əziyyət çəkir (VİDEO)

Son vaxtlar 13 yaşadək uşaqlar arasında göz xəstəliklərindən əziyyət çəkənlərin sayı artıb. Oftolmoloqlar deyirlər ki, bunun əsas səbəbi onların qapalı məkanlarda çox vaxt keçirməklə gözlərini təbii gün işığından məhrum etmələridir. 

Qaynarinfo "Xəzər TV"yə istinadən xəbər verir ki, bunun da nəticəsində göz lazımi qida və vitamini ala bilmir.

Oftolmoloq Emil Yusifov hesab edir ki, uşaqlarda göz problemlərinin olmaması üçün onlar idmanla məşğul olmalı və hər gün ən az bir saat açıq havada gəzməlidirlər.

Oftolmoloqun sözlərinə görə, son illər müraciətlər daha çox gözdə miapiya, yəni uzağı görməmə ilə bağlıdır. Həkim deyir ki, azyaşlı uşaqlarda görmə qabiliyyətinin zəifləməsi əsasən genetik amillərlə əlaqədardır.

Həkim onu da deyib ki, uşaqlarda ilk göz müayinəsi doğulan anda doğum otağında uşaq həkimi tərəfindən aparılmalıdır. Bir problem olmadıqda isə 1, 3, 5 və 7 yaşlarında uşaqların gözləri müayinə edilməlidir.