Ekonomiks 13:07 13.03.2013

Azərbaycanda 500 milyon avroluq zavod tikiləcək

Bu gün Bakıda Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə Cənubi Koreyanın «Samsung Engineering Co. Ltd.» şirkəti arasında Azərbaycanda karbamid istehsalı zavodunun inşasına dair müqavilə imzalanıb.

APA-nın məlumatına görə, müqaviləni ARDNŞ-in prezidenti Rövnəq Abdullayev və «Samsung Engineering» şirkətinin baş icraçı direktoru Ki Seok Park imzalayıblar.

Müqaviləyə əsasən, «Samsung Engineering» tikintini başa çatdıraraq müvafiq sınaqlar apardıqdan sonra «açar təhvili» prinsipi ilə zavodu hazır və işlək vəziyyətdə Azərbaycan tərəfinə təhvil verəcək. Zavodun tikintisi Azərbaycan əhalisinin ərzaq məhsulları ilə etibarlı təmin edilməsinə dair 2008-2015-ci il üzrə Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək. Müəssisədə ilk növbədə azot gübrəsi istehsal olunacaq. Sutkalıq istehsal gücü 2 min ton karbamid olan zavodda ammonyak istehsalı, karbamid maye və əmtəəlik karbamid istehsalı bölmələri yaradılacaq. Zavodda istehsal olunan məhsullar həm ölkə daxilində tələbatı ödəyəcək, həm də ixrac olunacaq.

Müəssisənin inşası 500 mln. avroya başa gələcək.

Zavodun tikintisi dövlət investisiyası hesabına həyata keçiriləcək. Müəssisənin tikintisi üçün ARDNŞ-in «Azərikimya» İstehsalat Birliyinə məxsus 24 hektar torpaq sahəsi ayrılıb. Zavod 2013-2015-ci illər ərzində tikiləcək.

Bununla yanaşı qeyd edilib ki, zavodun tikintisi üzrə tenderdə iştirak etmək üçün 14 şirkət müraciət edib və bundan 10 şirkət iştirakçı statusu alıb. Ötən ilin dekabrında Tender Komissiyası tərəfindən «Samsung Engineering» şirkəti tenderin qalibi elan edilib.

Qaynar.info