Ölkə 13:44 28.01.2013

AZƏRBAYCANDA DAHA BİR MƏMURUN MAŞINI YANDIRILDI

Yanvarın 28-də səhər saat 04 radələrində Neftçalada rayon İcra Hakimiyyətinin tikinti və memarlıq şöbəsinin müdiri Rüstəm Tahirovun AZ 10 TM 801 dövlət nömrə nişanlı Toyota Prado avtomobili yandırılıb.

Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını lokallaşdıra bilməyiblər. R.Tahirov yanan avtomobili operativ şəkildə başqa yerə evakuasiya edib.

Turan-ın məlumatına görə, polis ilkin nəticəyə gəlib ki, avtomobil qəsdən yandırılıb. Lakin rayon polisinin növbətçi hissəsindən bildirilib ki, avtomobil mühərrikin öz-özünə alışması nəticəsində yanıb,  belə ki, park edilmiş avtomobildə heç kim olmayıb.

Neftçaladan bildirirlər ki, R.Tahirov rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin yaxın adamıdır və onunla birlikdə başqa rayonlarda da çalışıb.

Neftçala rayonundan alınan məlumatlara görə, memarla yerli sahibkarlar arasında münaqişə yaşanır. Bu, onların  mülkiyyət hüquqlarının İcra Hakimiyyəti tərəfindən  pozulması ilə əlaqədardır.