Ölkə 16:58 22.05.2018

Azərbaycanda dəhşətli qəza: hərbçi və qaynı həlak oldu (YENİLƏNİR)

Bəzi elektron KİV-də hərbi avtomobilin qəzaya uğraması nəticəsində iki zabitin ölməsi ilə bağlı məlumat yayılıb.

Müdafiə Nazirliyindən Qaynarinfo-ya bildirilib ki, məlumat nazirliklə dəqiqləşdirilmədən yazılıb:

"Bu xəbəri qəti surətdə təkzib edirik. Bildiririk ki, məzuniyyətdə olarkən öz şəxsi avtomobilində yol-nəqliyyat hadisəsi nəticəsində gizir Muradov Murad Məhəmmədəli oğlu və onunla avtomobildə olan qaynı, mülki şəxs Babayev Toğrul Zaman oğlu həlak olub. Avtomobildə olan digər sərnişin, M.Muradovun qayınanası Babayeva Zöhrə Bəydadaş qızı ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib”.

Eyni zamanda qeyd olunub ki, son dövrlərdə bəzi KİV-lər yoxlanılmamış və Müdafiə Nazirliyi tərəfindən rəsmən təsdiq edilməmiş məlumatları yaymaqla yanlış fikir yaratmağa cəhd göstərirlər:

"Azərbaycan Ordusu ilə əlaqədar olan istənilən məsələnin Müdafiə Nazirliyinin mətbuat xidməti ilə dəqiqləşdirilməsi vacibdir. Bir daha KİV nümayəndələrini xəbərdar edirik ki, bu cür hallar təkrar baş verərsə onlar barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlər görüləcək”.
 
 
***15.22

Bakıdan Beyləqana gedən "Mercedes” markalı avtomobil qəzaya düşüb.

Hadisə şahidlərinin anons.az-a verdiyi məlumata görə, qəza, Daşburuna çatarkən, Gödəklər və Qaradağlı kəndi ərazisində baş verib.

Qəza nəticəsində iki hərbiçi zabit dünyasını dəyişib, bir qadın isə ağır yaralanıb.

Dünyasını dəyişən zabitlərdən birinin Murad Muradov olduğu məlum olub. Digər şəxsin isə Muradın zabit yoldaşı olduğu bildirilir.