ABŞ dolları bütün dünyada bahalaşmaqdadır.

Qaynarinfo finans.az-a istinadən xəbər verir ki, bu özünün digər aparıcı valyutaların ona qarşı məzənnəsində, eləcə də bəzi əmtəələrin qiymətində göstərir.

Məsələn, son 6 ayda avro dollar qarşısında 10%, ingilis-funt sterlinqi dollar qarşısında 13%, yapon yeni isə dollar qarşısında 5,6% ucuzlaşıb. Son nəticədə USD/EUR nisbəti 1,25-dən 1,13-ə, USD/GBP nisbəti 1,43-dən 1,27-yə düşüb, JPY/USD nisbəti 104,4-dən 110,3-ə qalxıb.

Qiyməti tələb-təkliflə yanaşı, Amerika valyutasının məzənnəsindən də asılı olaraq müəyyənləşən qızıl da dəyər itirib. Əmtəə birjalarından qiymətli metalın 1 unsiyası 1 202 dollara bərabərdir ki, bu da yarım il əvvəllə müqayisədə 164 dollar və yaxud 12% azdır.

Dolların bahalaşması daha çox siyasi amillərlə izah olunsa da, əslində bu, iqtisadi məsələdir. Baxmayaraq ki, son vaxtlar ABŞ başqa ölkələrə münasibətdə Dünya Ticarət Təşkilatının və digər beynəlxalq qurumların prinsiplərini pozur. Hazırda bahalı dollar rəsmi Vaşinqtonun hədəflərinə uyğundur. ABŞ-ın milli valyutası daha çox Federal Ehtiyat Sisteminin monetar siyasəti nəticəsində bahalaşır. Bu siyasəti isə Prezident Donald Tramp müəyyənləşdirir.

Dollar digər ölkələrdə bahalaşırsa, məntiqlə bu, Azərbayanda da baş verməlidir. Amma hələ ki, ölkədə Amerika valyutasının məzənnəsi sabitdir, yəni 1,7 manat qalıb. Bu isə iqtisadi sabitliyi pozmamaq üçün yürüdülən süni məzənnə siyasətinin nəticəsidir və valyuta ehtiyatlarının sərf edilməsi hesabına başa gəlir. 2015-2016-cı illərin təcrübəsi göstərir ki, dövriyyəyə dollar buraxmaqla məzənnəni saxlamaq siyasəti özünü doğrultmur. Bu xərc geri dönən deyil və dövlət xəzinəsinin boşalmasına gətirib-çıxara bilər. Bundansa manatın ucuzlaşdırılması, yəni dolların bahalaşdırılması daha məqsədəuyğundur. İndiki şərtlərlə buna gedilərsə, Azərbaycanda 1 dollar təxminən 2 manata bərabər ola bilər.