Ekonomiks 13:22 27.04.2013

Azərbaycanda dövlət müəssisələri özəlləşdirilə bilər

Azərbaycanda bəzi dövlət elmi müəssisə və təşkilatları özəlləşdirilməyə çıxarıla bilər.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu barədə maddə yeni hazırlanmış "Elm haqqında" qanun layihəsində öz əksini tapıb.

Sənəddə qeyd olunur ki, müəyyən müddət ərzində və 5 ildən çox olmamaqla sanballı elmi nəticələr əldə etməyən, səmərəsiz fəaliyyət göstərən və ya müflis elan edilən elmi müəssisələr özəlləşdirilməyə açıq elan edilə bilər.

Qanun qəbul olunandan sonra dövlət elmi müəssisə və təşkilatları yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı ilə özəlləşdirilməyə açıq elan oluna bilər.

Eyni zamanda qeyd olunur ki, fundamental və strateji əhəmiyyətli elmi tədqiqatlar aparan dövlət elmi müəssisə və təşkilatları, eləcə də onların nəzdində fəaliyyət göstərən qurumlar özəlləşdirilə bilməz.

Strateji əhəmiyyətli dedikdə isə Azərbaycan xalqının özünəməxsusluğunun, milli və mənəvi dəyərlərinin qorunması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi üçün Azərbaycanşünaslıq sahəsində aparılan tədqiqatların reallaşdırılmasında iştirak edən elmi müəssisə və təşkilatlar nəzərdə tutulur.

Qaynar.info