Ekonomiks 11:25 23.06.2014

Azərbaycanda fermerin 985 hektar ərazisi mənimsənildi

Ölkənin ən böyük fermerlərindən biri, Tovuz Sahibkarlar Şurasının sədri İsmayıl Hüseynovun qanuni idarəetməsində olan yaylaq ərazisini Daşkəsən Torpaq Şöbəsinin müdiri Şahbaz Mehdiyev ayrı-ayrı adamlara satıb

Tovuz rayon sakini, “Arsenal” firmasının baş direktoru, ölkənin ən böyük fermerlərindən biri olan İsmayıl Hüseynov məmur özbaşınalığından əziyyət çəkir. Qanunla onun idarəetməsində olan 985 hektar yaylaq ərazisini Daşkəsən rayon Torpaq Şöbəsinin müdiri Şahbaz Mehdiyev mənimsəyərək ayrı-ayrı adamlara satıb. Bu barədə “Yeni Müsavat”a iş adamının özü məlumat verib.

İş adamı deyir ki, həmin ərazi 2002-ci ilə qədər Ağstafa rayonunun tərkibində olub: “985 hektar ərazi Ağstafa rayon İcra Hakimiyyətinin başçısı C.Musayevin 10 avqust 2001-ci il tarixli sərəncamı ilə 15 il müddətinə mənə icarəyə verilib. Bundan başqa, icra hakimiyyəti ilə icarə müqaviləsi imzalanıb və qarşılıqlı öhdəliklər götürülüb. Bundan sonra, Ağstafa rəhbərliyi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədova rəsmi məktub yazaraq həmin torpaq sahəsində ”Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə" verilməsini xahiş edib və icarə müqaviləsi komitə tərəfindən də tanınıb. Yəni mənə torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə verilib".

Ağstafa Rayon İcra Hakimiyyətinin sərəncamının, icarə müqaviləsinin, rayon rəhbərliyinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə yazdığı rəsmi məktubun və nəhayət, “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə”nin surətini redaksiyamıza təqdim edən İ.Hüseynov deyir ki, ərazi Daşkəsən rayonunun balansına verildikdən sonra artıq problemlər yaranmağa başlayıb. Daşkəsən rayon Torpaq Şöbəsinin müdiri Şahbaz Mehdiyev fermerlərin qanuni yaylaq örüş yerlərini başqa-başqa adamlara qanunsuz olaraq satır. Mənim idarəetməmdə olan yaylaq örüş yerlərini Samux sakinləri İslam Məmmədova, Nizami, Mirzəli, Məcid adlı şəxslərə, Gürcüstan vətəndaşları Əhliman və Arzuman adlı şəxslərə 2500-3000 manata satıb".

İş adamı deyir ki, indi çıxılmaz durumdadır: “Çünki heyvanlar yaylağa getməsə, kütləvi şəkildə tələf olacaq. Başqa yaylaq yeri də yoxdur. Qanunvericiliyə görə, şəhadətnaməsi olan torpaq sahəsi başqa bir şəxsə icarəyə verilə bilməz. Ancaq Daşkəsənin Torpaq Şöbəsi qanunvericiliyi kobud şəkildə pozaraq idarəetməmdə olan və müqavilə müddəti 2016-cı ilin avqustun 10-da bitəcək torpaq sahəsini kənar şəxslərə icarəyə verir, daha doğrusu satır. Bu məsələ ilə bağlı kənd təsərrüfatı naziri Heydər Əsədova,  Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədova və daxili işlər naziri Ramil Usubova müraciət etsəm də, pozulmuş hüquqlarım hələ bərpa edilməyib. Yaylıq örüş yerlərinin olmaması ucbatından 18 baş isə iribuynuzlu, 46 baş isə xırda buynuzlu heyvan tələf olub”. 

1976-cı ildən təsərrüfatla məşğul olduğunu deyən İ.Hüseynovun sözlərinə görə, maldarlıqla yanaşı, əkinçiliklə də məşğul olur: “300 hektar sahədə taxıl, 100 hektar sahədə isə yonca əkirəm. Kənd Təsərrüfatı Nazirliyinin nəzdində olan ”Aqrolizinq" ASC məni güzəştli şərtlərlə bütün növ texnika ilə təmin edib. Tovuz rayon İcra Hakimiyyəti də mənə hər cür dəstək verir. Daşkəsənin Torpaq Şöbəsi ilə olan örüş problemi həllini tapsa, mənim heç bir narazılığım yoxdur". 

İ.Hüseynov deyir ki, Azərbaycan prezidenti İlham Əliyev iri fermer təsərrüfatlarının inkişafında maraqlıdır və bununla bağlı bir neçə sərəncam verib: “Ancaq bəzi məmurlar prezidentin aqrar siyasətini sabotaj etməklə məşğuldur. Hazırda ölkənin ən böyük fermer təsərrüfatlarından birinə rəhbərlik edirəm. Mənə maneə yaradılmasa, prezidentin şəxsi nəzarətində olan Ərzaq Təhlükəsizliyi Proqramının icrasına böyük tövhələr verə bilərəm. 40 illik təcrübəm daha böyük uğurlara imza atmağıma imkan verir. Ancaq bəzi məmurların özbaşınalığı buna ciddi manelər yaradır”.

İ.Hüseynov sıradan bir iş adamı olmadığını deyir: “Tovuz rayon Sahibkarlar Şurasının sədriyəm. Sahibkarların problemini yaxşı bilirəm və bu problemlərin həlli ilə bağlı təkliflər hazırlayır, yerli icra orqanlarına təqdim edirik. Əksər hallarda problemləri həll edə bilirik. Ancaq indi özüm məmur özbaşınalığından əziyyət çəkirəm. Əgər mənə - bölgənin ən nüfuzlu iş adamlarından birinə belə problem yaradılırsa, onda gör kiçik sahibkarlar məmur özbaşınalığından necə əziyyət çəkir? Prezident ötən ilin fevralında keçirdiyi müşavirədə iş adamlarına dəstək verdi, o cümlədən də iş adamlarına mane olan məmurları sərt tənqid etdi. Görünür, bəzi məmurlar tənqiddən nəticə çıxartmaq əvəzinə qanunları daha çox pozmağa üstünlük verirlər”.

Sonda İ.Hüseynov pozulmuş hüquqlarının bərpası ilə bağlı yenidən hüquq-mühafizə orqanlarına, o cümlədən də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edəcəyini bildirdi.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Qaynar.info