Ölkə 10:09 16.11.2017

Azərbaycanda güclü zəlzələ: evlər dağıldı, transformator partladı (FOTOLAR)

Azərbaycanda baş verən 6 bal gücündə zəlzələ nəticəsində bəzi rayonlarda yaşayış evləri dağılıb.

Ağdam Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyasının sədri Allahverən Əliyevin "Report"un Qarabağ bürosuna verdiyi xəbərə görə, rayonun Üçoğlan kəndində vətəndaşa məxsus fərdi yaşayış evi uçulub.

Onun sözlərinə görə, eyni zamanda zəlzələ nəticəsində Quzanlı kəndində elektrik transformatorunda partlayış baş verib, qəsəbəyə verilən elektrik enerjisində fasilələr yaranıb. Hazırda "Azərişıq" ASC-nin əməkdaşları tərəfindən təmir-bərpa işləri görülür.

Eyni zamanda Tərtər rayon icra başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Ramiz Şabanovun "Report"a verdiyi məlumata görə, 5 baldan yuxarı baş verən yeraltı təkanlar bir neçə kənddə dağıntılara səbəb olub, çoxlu sayda ev qəzalı vəziyyətə düşüb.

O bildirib ki, yerli sakinlərin FHK-yə verdiyi məlumata görə, rayonun Evoğlu, İsmayılbəyli və Əskipara kəndlərində palçıqdan tikilən evlərin bir hissəsi zəlzələ nəticəsində uçulub. Rayonun digər yaşayış məntəqələrində çoxlu sayda evin hasarlarında çatlar əmələ gəlib.

Hazırda komissiya tərəfindən dəymiş ziyanın miqdarı müəyyən edilir.

Qaynarinfo.Az