Ölkə 11:49 17.02.2018

Azərbaycanda “halal” sertifikatını artıq bu qurum verəcək

Azərbaycanda şirkətlərə "halal” sertifikatını Qida Təhlükəsizliyi Agentliyi verəcək.

Qaynarinfo-nun məlumatına görə, bu barədə Foodinfo.az-ın sorğusuna cavab olaraq Agentliyin Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən bildirilib.

"Hazırda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyinin hüquqi bazası yaradılır. Sahibkarlar "halal” sertifikatı hələ ki, əvvəlki qaydada almağa davam edirlər. Agentliyin hüquqi bazası formalaşdıqdan və tam fəaliyyətə başladıqdan sonra bu sertifikat Qida Təhlükəsizliyi Agentliyi tərəfindən veriləcək”, – deyə, Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.

Qeyd edək ki, hazırda şikətlərə "halal” sertifikatını "AzeSert Halal” sertifikatlaşdırma orqanı verir.

Xatırladaq ki, Qida Təhlükəsizliyi Agentliyi Prezident İlham Əliyevin 10 fevral 2017-ci il fərmanı ilə yaradılıb. Agentliyin sədri Qoşqar Təhməzlidir.