İdman 18:54 29.10.2013

Azərbaycanda hamamda mətbuat konfransı - Bu da oldu!

“Belə çıxır ki, mətbuat konfransını ayaqyolunda da keçirmək olar?”


Ölkə kubokunun 1/16 final mərhələsinin “Şuşa” – “Şahdağ” oyunundan sonra mətbuat konfransı hamamda keçirilib. Qaynar.info-nun verdiyi xəbərə görə, həmin ilginc konfransda yeganə jurnalist qismində iştirak edən “Futbol+” qəzetinin əməkdaşı Səbuhi Nərimanoğlu Fanat.az-a açıqlama verib. Həmkarımız gülünc və üzücü olay haqda bunları deyib:

“Şübhəsiz, “Şəfa”nın 4-cü meydançasında baş tutan oyundan sonra belə şeylə qarşılaşacağımı düşünmürdüm. Meydançanın yanında dayanıb mətbuat konfransının nə vaxt keçiriləcəyini gözləyirdim. Bu dəm “Şuşa”nın baş məşqçisi Nadir Qasımov və AFFA nümayəndəsi Rauf Əmirov məni paltardəyişmə otağının dəhlizinə çağırdı. Konfransın keçiriləcəyi otağı göstərdilər və qapını açanda çox təəccübləndim. Əvvəl elə bildim zarafat edirlər. Sonra gördüm ki, xeyr, təşkilatçıların fikri məhz mətbuat konfransını hamamda keçirməkdi. Çarəsiz qalıb razılaşdım. Həmin an jurnalist olduğuma görə utandım… Belə çıxır ki, meydanda oynayan komandalar birinci dəstəni təmsil edirsə, deməli, mətbuat konfransını ayaqyolunda da keçirmək olar?”

Qaynar.info