Ölkə 09:50 09.09.2017

"Azərbaycanda intihar edənlərin statiskası aparılmır" (ŞƏRH)

"Dünya statistikasına görə, intiharlar, əsasən şimal və cənub bölgələrində baş verir. Azərbaycan şərq bölgəsində yerləşdiyi üçün belə halların sayı az idi. Amma təəssüflər olsun ki, son dövrlər bu sayda artım hiss edilir".

Belə bir açıqlamanı Sputnik Azərbaycan Multimedia Mərkəzində keçirilən tədbirdə psixoloq Azad İsazadə verib.


Onun sözlərinə görə, intihar fikri birdən-birə yaranmır: "İnsan yavaş-yavaş depressiv vəziyyətə düşür və çıxış yolu axtarır. Tapa bilməyəndə dünyasını dəyişmək fikrinə düşür. Onların daxilində güclü ağrılar olur. Bundan başqa ani intihar qərarı da mövcuddur. Belə vəziyyətlərdə insanlar ani qərar verir. Bu da onun səbrinin son damlası olur. Misal üçün deyə bilərəm ki, hər il yay aylarında bir neçə abituriyent qəbul olmadığı üçün intihar edir. İmtahandan kəsilmə axırıncı damla olur. Bundan öncə isə həmin insanlarda aylarla yığılıb qalan fikirlər olur".

Kriminal xəbərlər üzrə ixtisaslaşmış jurnalist Ramella İbrahimxəlilovanın sözlərinə görə, son illər borclara görə intiharların sayı artıb: "Hər il ölkəmizdə 500-dək intihar hadisəsi baş verir. Bunun 200-220-si qadınların payına düşür".

Doğradanda ölkəmizdə 500-dək intihar hadisəsi baş verir? Bunu öyrənmək üçün Dövlət Statistika Komitəsinə müraciət etdik. 

“Bizdə özünəqəsd halları ilə bağlı informasiya yoxdur. Özünəqəsdin baş verməsi faktı məhkəmə-hüquq şurasının qərarı əsasında müəyyənləşdirir”. Bunu "Qaynarinfo"ya Dövlət Statistika Komitəsindən bildirdilər. 

Azad İsazadənin "Qaynarinfo"ya bildirdiyinə görə, Dövlət Statistika Komitəsi tərəfindən intiharların statistikasının aparılmaması çox mənfi haldır.

"Hüquq-mühafizə orqanları yalnız ölümlə nəticələn halların və qismən özünəqəsdə cəhd hallarının statiskasını aparırlar. Artıq intihar edənlərin statiskasını aparan mərkəzin yaranmasına tələbat yaranıb. Bu işlə mütəxəssislər, həkimlər, pedaqoqlar və hüquqşünaslar birlikdə məşğul olmalıdırlar. Onların apardıqları statistikada təkcə intihar edənlərin sayı yox, onların hansı cinsə mənsub olmaları, hansı regionda yaşamaları və digər məsələlər öz əksini tapmalıdırlar. Onlar təkcə statistika aparmaqla kifayətlənməli deyillər və həmçinin intihar edənlərin profilaktikasını aparmalıdırlar”, - deyə Azad İsazadə bildirdi. 

Rəşad Rüstəmov

Qaynarinfo.Az