Ekonomiks 17:16 04.07.2018

Azərbaycanda İpoteka kreditləşməsi real tələbatın 1/10 hissəsini ödəyir

İstər dünya praktikasında, istərsə də Azərbaycanda mənzil probleminin həllində mühüm alətlərdən biri kimi ipoteka kreditləşməsi görülür. Bəs bu gün üçün bu iş ölkəmizdə hansı formada təşkil olunub?

Ondan başlayaq ki, ipoteka kreditləşməsinə 2006-cı il mart ayının 1-dən start verilib. Son 12 il ərzində müxtəlif fasilələrlə, maliyyələşmə mexanizmlərinə dəyişikliklərlə, şərtlərə yenidən baxmaqla bu günə kimi 22 638 şəxsə 1,1 mlrd. manat ipoteka krediti verilib.

Şərtlərə gəldikdə adi ipoteka kreditləri 25 ilə qədər maksimum 8%-lə verilir. Kreditin maksimum həcmi 150 min manat təşkil edir, ilkin ödəniş 15%-dən başlayır.

Güzəştli ipoteka kreditləri üzrə maksimal faiz dərəcəsi 4%, ilkin ödənişin minimal həddi 10%-dir. Kredit 100 min manatdan artıq olmamaqla 30 illik verilir.

Bəs bu gün bu şərtlər orta statistik bir ailə üçün nə dərəcədə əlçatandır? Rəsmi statistikaya görə ölkədə muzdla çalışan 1,5 mln. nəfər var. Bunlardan dövlət müəssisələrində çalışan işçilərin orta aylıq nominal əmək haqları 416,7 manat, özəl müəssisələrdə isə 706,1 manat olub. İpoteka Kredit və Zəmanət Fondunun rəsmi veb səhifəsində mövcud olan ipoteka kalkulyatoruna 700 manat aylıq gəlir daxil etdikdə aşağıdakı nəticələr hesablanır.




Məsələni Finans.az-a şərh edən iqtisadçı-ekspert Samir Əliyev, bu gün Azərbaycanda ipoteka keditləşməsi proqramının real tələbatı ödəmədiyini bildirdi.

İqtisadçı-ekspert Samir Əliyev:

Hesab edin ki, hər il Azərbaycanda 70-80 min nigah qeydə alınır və bunların ən azı 20 mininin mənzil problemi vardır. Bu hələ yeni yaranan ailələrdir. Belə ki 10-20 il kirayədə qalanlar da var. Deyilənləri nəzərə aldıqda bazarın real tələbatı illik 20-25 min ipoteka kreditinin verilməsidir. Fondun xətti ilə isə ən yaxşı halda 2500 kredit verilir, yəni illik tələbatın cəmi 10%-i həcmində.

Onun fikrincə, məsələnin digər tərəfi cari təklifin özünün belə nə dərəcədə əlçatan olmasıdır. İpoteka kreditlərindən yararlanmağın mühüm şərti rəsmi təsdiqlənən gəlirlərin olmasıdır. Bu gün ölkədə muzdla işləyənlərin sayı təxminəm 1,5 mln. nəfərdir, iqtisadi əmək fəaliyyəti ilə məşğul olanların sayı isə 4,9 mln. nəfərdir. Yəni 3,4 mln. insan bu ya digər səbəbdən gəlirlərini təsdiqləyə bilmədiyinə görə kreditləşmədən kənar qalır. Elə peşə sahibləri var ki, aylıq gəlirləri 1000 manatdan yuxarıdır. Bu da onlara kredit şəklində 55 min manata kimi vəsait cəlb etmək imlanı verir. Lakin onlar bunu edə bilmirlər.

Digər məsələ ipoteka predmetinin özü ilə bağlıdır. Belə ki, yeni tikilən evlər böyük sahəli olduğundan nisbətən baha qiymətə bazara çıxarılır və belə olan halda alternativ kimi sovet dönəmində istismara verilmiş binalar qalır. Onların da böyük əksəriyyəti istismar müddətinin tamamladığından dolayı artıq kreditləşdirilmir.

Bu yerdə qeyd edək ki, söhbət Fondun yaxın keçmişdəki qərarı ilə 1970-ci ilə kimi tikilən binalarda mənzillər alınmasına ipoteka krediti verilməyəcəyi barədə qərarından gedir.

Əmlak məsəlləri üzrə ekspert Ramil Osmanlıdan aldığımız məlumata görə, 70-ci ilə kimi tikilənlərə Stalin, Fransız, İtalyan və Xruşovka layihəli binalar aiddir. Bu layihələrin ən yenisi Xruşovka hesab olunur. Bu dörd layihənin sovet vaxtı tikilmiş mənzil bazarındakı payı təxminən 70%-dən artıqdır. Daha sonra Eksperimental, Kiyev və Leninqrad layihələri inşa olunub ki, onların da payı təxminən 20-25% olub.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı

Xüsusi olaraq qeyd etmək istəyirəm ki, son illər ipotekanın əlçatanlığı istiqamətində bir sıra işlər aparılsa da, təəssüflər olsun ki, 2007-ci ildən bu yana faiz dərəcələrinə heç bir dəyişiklik olunmayıb. Halbuki, faiz dərəcələrinə mütləq yenidən baxılmalıdır. Hesab edirəm ki, adi ipoteka üzrə maksimal dərəcə 2% bəndi endirilməklə 6% həddində qərarlaşmalı, güzəştli ipoteka üzrə isə 1,5% bəndi aşağı salınmaqla 2,5% həddində olmalıdır.
 
Sonuncu ekspertin faiz dərəcələrinə dair dediklərinə əyani sübut elə fondun ipoteka kalkulyatorundan gəlir. Belə ki, ipoteka üzrə maksimal məbləği elə eyni dövrə əldə etmək imkanınız olsa, bilin ki, müddətin sonunda dövlətə, götürdüyünüz kreditin iki qatından artığını faiz olaraq ödəyəcəksiniz. Belə ki, 25 ilin sonunda cəmi ödənişləriniz 347,1 min manat olacaq, burdan da əsas məbləği çıxdıqda 197,1 min manat faiz ödənişləri qalır. Bu da kalkulyatorun nəticələri.
 


Sonda qeyd edək ki, Azərbaycanda bu gün sayılı banklar şəxsi ipoteka proqramlarını inkişaf etdirirlər. Həmin bankların təqdim etdiyi şərtlər aşağıdakı cədvəldə əks olunub.