Ekonomiks 10:14 19.02.2014

Azərbaycanda ixrac idxalı 3,5 dəfə üstələyib


Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) 2012-ci ilin yanvar ayında ümumi xarici ticarət əməliyyatlarının ötən ilin analoji dövrü ilə müqayisədə 5,66 faiz azaldığını elan edib. Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.

Bu dövrdə Azərbaycanın xarici ticarət tərəfdaşları dünyanın 101 ölkəsi olub.

Ölkənin ümumi mal dövriyyəsi 2,41 milyard dollar təşkil edib. Xarici ticarət əməliyyatlarında 1,34 milyard dollar həcmində müsbət saldo yaranıb.

Bu müddət ərzində xarici ticarət əməliyyatlarında 1788 hüquqi və fiziki şəxs qeydə alınıb. Onlardan 1405-i hüquqi, 383-ü isə fiziki şəxsdir.

Yanvar ayı ərzində ölkənin ixrac əməliyyatları 1,87 milyard olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2,7 faiz azdır.

İxracda dövlət sektorunun payı 1,78 milyard dollar (95,19 faiz), özəl sektorun payı 83,76 milyon dollar (4,48 faiz), fiziki şəxslərin payı isə 6,67 milyon dollar (0,36 faiz) təşkil edib.

Yanvarda idxal 535,13 milyon dollar olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,73 faiz azdır.

İdxal əməliyyatlarında dövlət sektorunun payı 105,82 milyon dollar (19,77 faiz), özəl sektorun payı 413,57 milyon dollar (77,28 faiz), fiziki şəxslərin payı isə 15,74 milyon dollar (2,94 faiz) olub.

Yanvarda Azərbaycandan 565 növdə mal ixrac, ölkəyə isə 3027 növdə mal idxal edilib.

Qaynar.info