Ekonomiks 16:56 10.10.2013

Azərbaycanda kənd təsərrüfatı məhsulları bahalaşdı

Bu ilin sentyabr ayında Azərbaycanda satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,3%, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 2,4%, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 1% bahalaşıb.

 Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, sentyabrda çoxillik bitkilərin istehsalçı qiymətləri 1,9% ucuzlaşıb. Birillik bitkilərdən buğda 4,5%, qarğıdalı 0,3%, arpa 4,7%, xiyar 1,3%, pomidor 1,6%, badımcan 13,4%, bibər 0,3%, göyərtilər 3,8%, yonca 30,9% bahalaşıb. Eyni zamanda, yaşıl lobya 0,7%, lobya dəni 1,5%, kələm 1%, baş sarımsaq 19,7%, baş soğan 2,5%, quru ot isə 1,9% ucuzlaşıb.

Çoxillik bitkilərdən alma 0,4%, şaftalı 2,9%, gavalı və göyəm 1,8%, zoğal 1,9% bahalaşıb, üzüm 4,2%, limon 5,8%, armud 1%, şabalıd 5,7%, qoz 1,2%, fındıq isə 16,8% ucuzlaşıb.

Qeyd edək ki, diri heyvanlar və heyvandarlıq məhsullarından südün istehsalçı qiymətləri 2,8%, diri qoyun və keçilərin 0,5%, quş ətinin (diri çəkidə) istehsalçı qiymətləri 2% bahalaşıb. Bu bahalaşma ilə yanaşı, ay ərzində mal və qoyun əti (diri çəkidə) müvafiq olaraq 0,4% və 0,5%, yumurta isə 2,6% ucuzlaşıb.

Ay ərzində balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 5,5% bahalaşma müşahidə olunub.

Qaynar.info