Ölkə 21:12 16.08.2013

Azərbaycanda ölmüş şəxsi həbsdə saxladılar

"Mən indiyə qədər belə bir məhkəmə qərarı görməmişdim”.

Ağır xəstəliklərdən əziyyət çəkən və ötən gün dünyasını dəyişən məhbus Dadaşov Ruslan Hüseynağa oğlu ilə bağlı vəkili Cavanşir Süleymanov apelyasiya məhkəməsinin çıxardığı qərardan şoka düşüb. 

Qafqazinfo xəbər verir ki, vəkil məlumat verib ki, Hepatit C, QİÇS və qaraciyər serrozundan əziyyət çəkən məhbusun səhhəti ilə bağlı Səbail Rayon Məhkəməsinə vəsatət verilib. 

Lakin məhkəmə sədri Famil Nəsibov məhbusun həbsdən azad olunmamasına qərar verib: 

"Daha sonra qərardan şikayət edərək apelyasiya şikayəti verdik. Lakin məhbusun səhhətinin ağır olmasına baxmayaraq, şikayətimiz qəbul olunmadı. Apelyasiya şikayətindən bir gün sonra məhbus Ruslan Dadaşov dünyasını dəyişdi. 

Hazırda həmin şəxs həyatda yoxdur. Ən qəribəsi də odur ki, bu şəxs həyatda yoxdur, apelyasiya məhkəməsi isə qərarını hələ də qüvvədə saxlayır. Mən indiyə qədər belə bir məhkəmə qərarı görməmişdim”.

Qaynar.info