Ekonomiks 13:22 20.06.2019

Azərbaycanda minimum əmək haqqı 100 manat da artırılmalıdır (SƏBƏB)

Xəbər verdiyimiz kimi, Azərbaycanda minimum aylıq əmək haqqının məbləği Prezident İlham Əliyevin sərəncamına əsasən sentyabr ayının 1-dən etibarən 250 manat olacaq. 

38,9%-lik (70 manat) artımdan sonra minimum əmək haqqı orta aylıq əmək haqqının (581,2 manat) 43%-nə bərabər olub.

Qeyd edək ki, bu göstərici Azərbaycanın da qoşulduğu Avropa Sosial Xartiyasının tələblərinə uyğun deyil. Belə ki, Avropa Sosial Xartiyasının tələblərinə görə minimum əməkhaqqının məbləği orta aylıq əməkhaqqının 60%-dən az olmamalıdır. Bu isə o deməkdir ki, Azərbaycanda minimum əmək haqqını orta aylıq əmək haqqının 60%-i səviyyəsinə, yəni 350 manata çatdırmaq lazımdır.

Onu da bildirək ki, bu öhdəliyin yerinə yetirilməsilə bağlı tələblər "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında da əksini tapıb. Belə ki, Konsepsiyanın 7.3 bəndində qeyd olunur ki, işləyən vətəndaşların layiqli həyat səviyyəsini təmin etmək məqsədi ilə iqtisadiyyatın inkişafından asılı olaraq minimum əməkhaqqı məbləğinin tədricən minimum yaşayış standartlarına və Avropa ölkələrində müəyyən edilmiş normativə - orta aylıq əməkhaqqının 60%-i məbləğinə çatdırılması istiqamətində tədbirlər görüləcək.

Məlumat üçün onu da bildirək ki, minimum əmək haqqı ölkənin iqtisadi inkişaf səviyyəsi ilə birbaşa bağlı deyil. Bu, ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. (Yeniavaz.com)