Sənət 10:06 13.08.2017

Azərbaycanda niyə uşaq mahnıları bəstələnmir? (ŞƏRH)

"Bu gün uşaq mahnılarının olmaması təhsil sisteminin boşluğudur. Ya gərək tələb olsun ki, yazasan, ya da rəhmətlik Oqtay Zülfüqarov kimi sırf uşaq yaradıcılığı ilə məşğul olasan". 

Bu sözləri "Qaynarinfo"ya bəstəkar, Əməkdar İncəsənət Xadimi Aygün Səmədzadə deyib.

Son illər uşaq mahnıları demək olar ki, bəstələnmir. 90-cı illərdə Oqtay Zülfüqarov, Ağabacı Rzayeva kimi bəstəkarların bəstələdiyi “Günəş olaram mən də”, “Ala bula boz keçi”, “Can nənə”, “Səməni”, “Əziz ana, can ana”, “Ay nəğməsi”, “Gəl, gəl, a yaz günləri” kimi məşhur uşaq mahnıları bu gün də dillər əzbəridir. Müstəqillik illərində isə bu sahədə durğunluq yaranıb. İndi uşaq mahnılarının bəstələnməsində nə aidiyyatı qurumlara maraqlıdır, nə də bəstəkarlar maddi cəhətdən heç bir prespektiv vəd etməyən bu sahəyə maraq göstərir.

Aygün Səmədzadənin fikrincə, uşaq mahnılarının bəstələnməməsinin səbəbini bu işlə məşğul olan təşkilatlardan soruşmaq lazımdır: 


"Fikrimcə, bu sualı bəstəkarlara yox, müəyyən təşkilatlara vermək lazımdır. Dediyim kimi, bunun üçün ya tələb olmalı, deyilməlidir ki, filan bəstəkarlar uşaq məcmuəsi işləsin. Ya da bəstəkar sırf uşaq yaradıcılığı ilə məşğul olmalıdır".

Bəstəkar uşaq mahnılarının çətinliklərindən də danışıb: 

"Uşaq mahnıları yazmaq çox məsuliyyətli işdir. Biri var mahnını yazıb verirsən müğənniyə, o da ifa edir. Bir də var ki, mahnı yazasan, sonra da ifaçı atxarasan. Azyaşlı, gənc istedadları axtarıb tapmaq qəliz məsələdir. Yəqin bəstəkarlar da buna görə həmin sahədən uzaq dururlar".

Aygün Səmədzadənin "Sizə bu iş tapşırılsa, məşğul olarsınız" sualımıza cavabı müsbət oldu:

"Bəli, mənə tapşırsalar, uşaq mahnıları bəstələyərəm. Niyə də bəstələməyim? Ümumiyyətlə, bəlkə bundan sonra bu haqda düşünərəm".

Nərmin Həsənli

Qaynarinfo.Az