Maqazin 19:27 04.01.2019

Azərbaycanda tarixi filmlər niyə çəkilmir?

Son illərdə Türkiyədə çəkilən tarixi seriallar Azərbaycanda da böyük maraqla qarşılanır, izləmə rekordu qırır. Onlardan "Payitah Abdülhamid”, "Ərtoğrul” və digərlərini qeyd etmək olar. Beləliklə Türkiyədə olduğu kimi Azərbaycanda da bu filmlərin çoxsaylı izləyiciləri, pərəstişkarları var.

Sosial şəbəkələrdə demək olar olar ki, hər gün bu filmlərdən epizodlar paylaşılır, müzakirəyə çıxarılır. Bəs niyə ölkəmizdə də bu cür tarixi filmlər çəkilmir? Halbuki məlum olduğu kimi hər il dövlət tərəfindən film sektoruna kifayət qədər vəsait ayrılır.

Xatırladaq ki, Azərbaycanın da bir sıra tarixi filmləri var. Bu mənada "Babək”, "Qaçaq Nəbi” və digər filmlərin adlarını qeyd etmək olar. Lakin bu cür filmlərin demək olar ki, hamısı Sovet dönəmində çəkilib. Əlbəttə ki, həmin dövrün filmlərində Sovet ideologiyası təbliğ olunub, müəyyən dəyişikliklər edilib. Bu baxımdan yeni tarixi filmlərin çəkilməsinə böyük ehtiyac var. Həmçinin tariximizin həqiqətlərlə təbliği, gənc nəslin milli ruhda böyüməsi üçün bu cür filmlər mütləqdir.

Rejissor-prodüsser Fehruz Şamıyev mövzu ilə bağlı musavat.com-a danışıb: "Tarixi mövzulu filmlər dedikdə daha çox kostyum filmləri gözümüzün önündə canlanır. Məlum olduğu kimi bu filmlər daha çox vəsait tələb edir. Xatırladım ki, Azərbaycanın tarixi filmləri daha çox Sovet dönəmində çəkilib, həmin dövrün tələblərinə uyğun sifariş olunub. Lakin müstəqilliyimizi əldə etdikdən sonra da tarixi filmərimiz çəkilib. Məsələn, "Cavad xan", "Hökmdarın taleyi" filmlərini qeyd etmək olar.

Qeyd etdiyim kimi tarixi filmlərin çəkilməsi üçün kifayət qədər kostyumlar tikilməli, geyimlər hazırlanmalı, tarixi səhnələr qurulmalıdır ki, bu da çox vəsait tələb edir. Düşünürəm ki, son illər Azərbaycan filmlərinə ayrılan vəsaiti nəzərə alsaq görərik ki, tarixi film çəkmək bir qədər çətindir. Məsələn, "Cavad xan" filmini götürək, xatırlayıram ki, bu filmin çəkilişi üçün ayrılan vəsaitdən başqa xalq şairi Sabir Rüstəmxanlı ölkə rəhbərinə müraciət edərək, filmin tamamlanması üçün əlavə xərclər üçün vəsait ayrılkmasını xahiş etmişdi. Bir sözlə dövlət tərəfindən birbaşa kinoya ayrılan vəsaitlə sanballı tarixi filmək çəkmək çox çətindir. Bildiyim qədərilə kinoya ayrılan vəsait bir qədər azaldılıb, bu da imkanları bir qədər sıxmış olur.

O ki qaldı, rejissorların tarixi janrda film çəkmək marağına, düşünürəm ki, biz kiçik ölkə olduğumuz üçün bu janrda çox film çəkmək istəyən rejissorlar o qədər çox deyil. Yəni, daimi olaraq tarixi janrla işləyən rejissorumuz demək olar ki, yoxdur. İkinci bir tərəfdən maraq olsa belə, tarixi filmlər daha çox əhali sayı çox olan ölkələrdə, kommersiya layihəsi olaraq beynəlxalq kino bazarına çıxarmaq məqsədi ilə çəkilir. Azərbycanın isə tarixi film istehsal edib, onu kino bazarına çıxarmaq imkanı o qədər yoxdur. Tarixi filmlərə sərf edilən vəsaitin geri qaytarılması müşkül məsələdir. Qısaca desək, tamaşaçı sayımız o qədər deyil. Amma bu o demək deyil ki, tarixi filmlər istehsal olunmamalıdır. Azərbaycan tarixində baş verən yetərincə hadisə var ki, onu beynəlxalq aləmə çıxarmaq mümkündür. Biz tarixi janrda çəkilən filmlərdən həm də öz həqiqətlərimizi dünyaya çıxarmaq üçün də istifadə etməliyik.  Düşünürəm ki bu janra indi bizim daha çox ehtiyacımız var. Amma təəssüf ki, reallıq bunu demir”.