Ölkə 16:43 26.09.2018

Azərbaycanda yeni ictimai birlik yaradılır

"Sevgi və bilgi ilə aydın cəmiyyətə doğru” şüarı altında "Qadın və Uşaq Akademiyası” adlı yeni ictimai birlik yaradılır.

Qaynarinfo xəbər verir ki, birliyin fəaliyyətinin əsas məqsədi qadın və uşaqları maarifləndirmək, onların yanında olaraq öz güclərini, bacarıqlarını kəşf etməyə dəstək olmaq, üzləşdikləri çətinliklər nəticəsində aldıqları travmanı birlikdə dəf etmək, o zədələri övladlarına, gələcəyə ötürməməyə yardımçı olmaqdır.

Birlik bu məqsədlə daha çox bölgələrdə yaşayan qadın və uşaqların köməyinə çatmağı nəzərdə tutur. Həmin qadınların addım-addım cəmiyyətə inteqrasiyasını görmək, özünə, ailəsinə, üzvü olduğu topluma fayda verərək özünəinam, özgüvən qazanması, qadın azadlığını sağlam şəkildə dərk etməsi bizim üçün ən böyük töhfə olacaq.

"Cəmiyyətimizdə, ailələrimizdə fiziki, psixoloji, mənəvi şiddətə "Yox” deyir, bu günün insanıyla – güclü, mübariz, sağlam düşüncəli, dünyagörüşlü, özünə dəyər verən qızıyla, anasıyla, oğuluyla, atasıyla əl-ələ verib gələcəyimiz üçün zədəsiz, yarasız, aydın, xoşbəxt uşaqlar yetişdirə biləcəyimizə ümid edirik. Bir toplumun qadını sağlam və xoşbəxtdirsə, o cəmiyyət xoşbəxtdir, demək. Bu amalla yola çıxıb qadınlarımıza dəstək olan xanımlarımız, təşkilatlarımız var, amma bir vətəndaş olaraq hər birimiz bu yolda əlimizdən gələni əsirgəməməliyik. Bu birliyi yaratmaqla çətin həyatı, çıxılmaz vəziyyətdə olan xanımlarımıza, uşaqlarımıza demək istəyirik ki, ümid həmişə var, çıxış yolu həmişə var, gedəcək qapı həmişə var və biz də o ümiddən, döyüləcək qapılardan biriyik. İnsanımıza dəyər verir və o dəyəri öz əməllərimizlə, işlərimizlə göstərmək istəyirik! Bir sözlə, qadın sevgisi, ümidi, gücü, bacarığı, inamı ilə yola çıxırıq, qadınlar üçün, uşaqlar üçün, cəmiyyətimiz, gələcəyimiz üçün!

Bu niyyətlə də birlik 29 sentyabr tarixində saat 12-də Beynəlxalq Mətbuat Mərkəzində ictimaiyyətə təqdim ediləcək. Məqsəd və məramının maraqlı olduğu hər kəs bu tədbirdə iştirak edə, öz təklif və tövsiyələrini təqdim edə bilər. Sizi yanımızda görməkdən, dinləməkdən məmnun olarıq".