Ölkə 14:42 11.06.2013

Azərbaycanda zorlanmalarla bağlı ŞOK STATİSTİKA

   
"Azərbaycanda il ərzində uşaqlara qarşı törədilən və müvafiq qaydada istintaqı tamamlanmış cinayətlərin ümumi sayı 500 fakt təşkil edir”.

Bunu Daxili İşlər Nazirliyinin Yetkinlik yaşına çatmayanlar arasında profilaktik işin təşkili şöbəsinin rəisi Kamal İmamverdiyev bildirib.
 
O qeyd edib ki, bütün bunlar kriminal zəmində olan cinayətlərdir və bunların fövqündə uşaqlara qarşı ailə-məişət zəminində törədilən cinayətlər qeyd olunan cinayətlərin 7-8 faizini təşkil edir: "Bu rəqəmlər MDB ölkələri ilə müqayisədə 3-4 dəfə aşağıdır”.
 
DİN rəsmisi bildirib ki, uşaqların məruz qaldığı ümumi cinayətlərin 29 faizi onların cinsi azadlığı və ya cinsi toxunulmazlığı əleyhinə törədilən cinayətlərdir: "Yuxarıda qeyd etdiyim il ərzində olan 500 cinayətin 1,1 faizi seksual xarakterli - zorlama cinayətləridir. Bundan başqa, il ərzində uşaqlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri 4 faiz təşkil edir, bu hərəkətlərə məcburetmə isə 0,1 faiz olub. Azərbaycanda 16 yaşına çatmayan qızlarla onların iradəsinə zidd olaraq cinsi əlaqədə olma cinayətlərinin sayı sadaladıqlarımın fövqündə daha çox - 20 faiz təşkil edir. Təxminən il ərzində 150-180 cinayət faktı buna aiddir. Təkcə cari ilin 5 ayında bu cinayətlə bağlı 57 fakt qeydə alınıb”.

APA