Siyasət 12:17 31.05.2013

“Azərbaycandan çıxarılan İran vətəndaşları diplomat deyillər”

"İranın Azərbaycandakı səfirliyin dörd əməkdaşı viza müddəti bitdiyinə görə Azərbaycandan çıxarılıb. Hazırda onlar İrandadırlar və yeni vizanı gözləyirlər".

Bu barədə APA-ya İranın Azərbaycandakı səfiri Möhsun Pak Ayın bildirib.

Onun sözlərinə görə, həmin şəxslər diplomat statusuna malik deyillər, sadəcə səfirliyin işçiləridirlər: “Biz bu məsələni danışıqlar yolu ilə çözmək istəyirik. Bu yaxınlarda mən Azərbaycan Dövlət Miqrasiya Xidməti rəisi ilə görüşmüşəm, biz görüşdə bu məsələni də müzakirə etmişik. Görüşdə bildirildi ki, bu məsələ baxılacaq”.

Səfir həmin şəxslərin adlarını açıqlamaq istəməyib.

Qeyd edək ki, İranın “arannews” xəbər agentliyi İranın Azərbaycandakı səfirliyin dörd əməkdaşının viza müddətin bitməsi ilə əlaqədar ölkədən xaric edilməsi barədə məlumat yayıb. Xəbərdə deyilir ki, Dövlət Miqrasiya Xidməti həmin şəxslərin viza rejimini pozduğuna görə cərimə ödəməklə Azərbaycanı tərk etməsini tələb edib. İran tərəfi isə bildirib ki, həmin şəxslər İranın Bakıdakı səfirliyində 10 ildən çoxdur, fəaliyyət göstərirlər.

Qaynar.info