Ekonomiks 11:21 27.11.2018

Azərbaycanın bank sektoruna yeni səhmdarlar gəlir

"Access Bank” QSC-nin xarici investorları kapitallaşma barədə qərar qəbul edib, noyabrın 15-də bununla bağlı saziş imzalanıb.

Qaynarinfo "Report”a istinadən xəbər verir ki, bu barədə Bankın İdarə Heyətinin sədri Anar Həsənov məlumat verib.

"Bu, ilk hüquqi icbari sənəddir. Onun tərəfləri qismində "Access Bank”ın mövcud səhmdarları və beynəlxalq kreditorları çıxış edir. Kapitallaşma prosesi çərçivəsində sözügedən təşkilatlar Banka 184 milyon manat məbləğində dəstək verəcək. Bunun 118,5 milyon manatı nizamnamə kapitalının artırılmasına yönələcək və nəticədə səhmdar kapital 258 milyon manata çatdırılacaq. Əlavə olaraq subordinasiya olunmuş kredit alətləri vasitəsilə II dərəcəli kapitalın 22 milyon manat artırılması planlaşdırılır. Bununla yanaşı, "şərti kapital"ın artırılması üçün də 22 milyon manatın ayrılması nəzərdə tutulub ki, gələcəkdə ehtiyac olduğu halda bu vəsaitdən də istifadə olunacaq”, - deyə o, qeyd edib.

Sədrin sözlərinə görə, proses bitdikdən sonra "Access Bank” bank sektoruna yeni səhmdarlar gətimiş Banka çevriləcək: "Azərbaycanın bank sektorunda elə bir maliyyə təşkilatı peyda olacaq ki, onun səhmdarları sırasında mövcud təsisçilərlə yanaşı, Avropa İnvestisiya Bankı, Asiya İnkişaf Bankı (hər ikisi AAA reytinqə malikdir) və beynəlxalq maliyyə bazarlarında nüfuzlu oyunçu olan digər investorlar daxil olacaq. Bu təşkilatların bir çoxu Azərbaycanın maliyyə sektoruna ilk dəfə olaraq kapital yatırımı edəcək. Bildiyim qədər, hətta bəzi investorlarımız "AccessBank”ın səhmdarı olmaq üçün daxili nizamnamələrinə bəzi dəyişikliklər ediblər. Bu isə bir daha onu göstərir ki, investorlar ölkə iqtisadiyyatının müsbət inkişaf dinamikasına və "AccessBank”ın biznes planına inanır. Belə çıxır ki, "AccessBank” nəinki Azərbaycanın bank sektorunda, həm də müəyyən mənada beynəlxalq səviyyədə tarix yazır”.
 
XƏBƏRİ BİRİNCİ AL- Qaynarinfo tətbiqini yüklə