Xəbər verdiyimiz kimi, prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu gün Müdafiə Nazirliyinin Raket Qoşunlarının "N” saylı hərbi hissəsinin açılışında iştirak edib.

Qaynarinfo xəbər verir ki, Ali Baş komandana əməliyyat-taktiki raket kompleksi olan "POLONEZ” barədə məlumat verilib. Bildirilib ki, Azərbaycan dövlətinin aldığı yeni əməliyyat-taktiki raket kompleksi olan "POLONEZ”in atış uzaqlığı 300 kilometrə qədərdir.



Raketin çəkisi 780 kiloqram, döyüş başlığı hissəsinin çəkisi 140 kiloqram, zərərvurma radiusu isə 80 metrdir. "POLONEZ”in maksimal uçuş müddəti saniyədə 310 metr, atışa hazırlıq vaxtı 10 dəqiqə, istismar müddəti isə 10 ildir. Bir döyüş maşınında 8 raket olur. Bu kompleks düşmənin əməliyyat düzülüşünün bütün dərinliyində onun nüvə və kimyəvi hücum vasitələrinə, kəşfiyyat-zərbə sistemlərinin yerüstü elementlərinə, qoşunların əsas qruplaşmalarına, bazalarda yerləşən aviasiyasına, hava hücumundan müdafiə vasitələrinə və obyektlərinə, idarəetmə məntəqələrinə, radioelektron vasitələrinə, arxa cəbhə və digər obyektlərinə zərbə vurulması üçündür. Bundan başqa, kompleks vasitəsilə dənizsahili istiqamətlərdə düşmən donanmasının yerləşmə məntəqələri dağıdılır və onun döyüş gəmiləri məhv edilir.

Azərbaycan dövlətinin sahib olduğu "LORA” əməliyyat-taktiki raket kompleksi də "POLONEZ” kompleksi kimi döyüş zamanı eyni məqsədlər üçün istifadə edilir. Maksimal atış uzaqlığı 300 kilometrdən artıq olan bu kompleksin raketinin çəkisi 1580 kiloqram, döyüş başlığı hissəsinin çəkisi isə 240 kiloqramdır. Raketin zərərvurma radiusu 100 metr təşkil edir. Bir döyüş maşınında 4 raket olur. Onların maksimal uçuş müddəti saniyədə 300 metrdir, atışa hazırlıq vaxtı 13 dəqiqə, istismar müddəti 10 ildir. Həm "POLONEZ”, həm də "LORA” kompleksləri GPS və İNS sistemləri ilə idarə olunur.