Azərbaycanın Milli Qəhrəmanı yəhudi-müsəlman əlaqələri üçün nümunədir

Azərbaycanın Milli Qəhrəmanı yəhudi-müsəlman əlaqələri üçün nümunədir

Diana Kohen Altman

Təxminən 25 il əvvəl döyüş meydanında həyatını itirmiş yəhudinin qəhrəmanlığı əhalisinin əksəriyyəti müsəlman olan ölkədə dövlət səviyyəsində tanınıb. Bu, iki konfessiya arasındakı isti əlaqələrin müasir dövrdəki nümunəsidir.

Bu yaxınlarda Avrasiya ölkəsi olan Azərbaycanın paytaxtı Bakıda Albert Aqarunovun (1969-1992) abidəsi ucaldılıb. O, ölümündən sonra ən yüksək hərbi ada, yəni Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk Azərbaycan vətəndaşından olub.

Albert Aqarunov həyatını 1988-1994-cü illər Qarabağ müharibəsində itirib. Nəticədə Aqarunov yeni müstəqillik qazanmış bu postsovet dövlətində yəhudi millətindən olan vüqarlı Azərbaycan vətəndaş kimi yüksək ada layiq görülüb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu gün də davam etdiyindən, müharibəsinin müzakirəsi zamanı Aqarunov da yada düşür.

Azərbaycan əhalisinin 90%-dən çoxu müsəlmandır. Aqarunov ölkənin şimal-şərqində yerləşən Quba regionunda yaşayan dağ yəhudi icmasının nümayəndələrindən olub.

Hələ 1991-ci il dekabrın 8-də Aqarunov silahdaşı Ağababa Hüseynov ilə birlikdə bir neçə erməni tankı və zirehli texnikasını sıradan çıxarmışdı. Nəticədə ermənilərin onun başına pul mükafatı qoymuşdular. O, 1992-ci ilin mayında Şuşada silahdaşlarının həyatını xilas etməyə çalışan zaman qətlə yetirilib. Qeyd edək ki, Azərbaycan Şuşa şəhərini özünün Dağlıq Qarabağdakı tarixi mədəni paytaxtı hesab edir.

Jurnalistlər Bakıda anadan olan Aqarunovdan "nə üçün Dağlıq Qarabağda döyüşdüyünü” soruşduqda o, suala belə cavab vermişdi: "Bura mənim torpağımdır. Mənim başqa vətənim yoxdur. Öz evimi qorumağım təbiidir”.

Hadisələrin üzərindən illər keçsə də, əksər azərbaycanlı Aqarunovu faktiki olaraq, ailə üzvü kimi qəbul edir, onun həyatına diqqət göstərir. Yeri gəlmişkən, Albert Aqarunov hələ gənc yaşlarında təhsil aldığı musiqi məktəbində həm həmyaşıdlarının, həm də müəllimlərinin rəğbətini qazanmışdı. Sinif yoldaşları deyir ki, məktəbdə o, dələduzlarla mübarizəsilə tanınırmış.

Aqarunovun ailəsi və dostları onun sadə həyat fəlsəfəsinin olduğunu deyirlər: ailəyə diqqət, ailə üzvlərinin daha yaxşı yaşaması üçün daha çox çalışmaq, icmaya xidmət, sülhü qorumaq və özünü müdafiə edə bilməyənlərə yardım etmək.

Aqarunov yəhudi icmasına qucaq açmış Azərbaycanı vətəni hesab edirdi. Amma onun Dağlıq Qarabağ müharibəsində iştirak etmək qərarı ailəsini təəccübləndiribmiş. Doğrudur, valideynləri, həmçinin bacı və qardaşları Aqarunovun vətənpərvərlik hislərini bölüşürdü. Amma onlar Aqarunovun həyatından narahat idilər.O, Sovet İttifaqı dağıldıqdan sonra müstəqillik qazanmış iki ölkə arasındakı müharibəyə yollanırdı...

Ölüm xəbəri 1992-ci ildə gəlmiş Albert Aqarunovun ailəsi bundan sonra Azərbaycan dövləti ilə xalqının münasibətilə təskinlik tapıb. Yəhudi icması Aqarunovun bir zamanlar təhsil aldığı musiqi məktəbinə onun adını verib. Bakıda və Qubada onun şərəfinə xatirə lövhələri qoyulub. Aqarunovun xidmət göstərdiyi tanka da onun adı verilib. Azərbaycanlılar indiyədək Aqarunovun ailəsinə yüksək ehtiram göstərir, dərdlərini bölüşür.

Yeri gəlmişkən, azərbaycanlıların əksəriyyəti Aqarunovun yəhudiliyini nümunə göstərir, "birgə fəaliyyət göstərən iki böyük xalq”dan danışır. Onlar Azərbaycanda yəhudilərin müsəlman həmvətənləri kimi, eyni hüquqlara və öhdəliklərə malik olduqlarına da diqqət çəkirlər. Yəhudilər Azərbaycan cəmiyyətinə həqiqətən də çox yaxşı inteqrasiya olunub. Albert Aqarunovun həyat hekayəsi buna ən parlaq nümunədir.

Azərbaycanda antisemitizmin yoxluğu hər zaman gündəmə gələn məsələdir. Bu fikri İsrailin baş naziri Benyamin Netanyahu da təsdiqləyir: "İsrail-Azərbaycan əlaqələri dünyaya göstərə biləcəyimiz nümunədir”.

Bu gün dünyada bir çox etnik və dini münaqişə yaşanır. Belə çətin dövrdə Bakıda bu günlərdə ucaldılmış abidəni ziyarət edəcək qonaqlar konfessiyalararası əlaqələrin potensialını göstərən həyat hekayəsilə tanış olacaqlar. Onlar Quba regionuna da baş çəkə bilər. Orada dinamik musiqi ənənələrini davam etdirmək məqsədilə yəhudi və müsəlman musiqiçiləri birgə işləyir və bu ənənəyə bir zamanlar gənc Aqarunov da enerji verib...

Aqarunovun həyatı göstərir ki, insanlar arasındakı saf əlaqələr və vətən sevgisi fikir ayrılıqlarını aradan qaldıra, hətta inanılmaz müttəfiqlik yarada bilər.

İngilis dilindən tərcümə: Worldmedia.az
XƏBƏRLƏR
BLOGLAR