Ekonomiks 18:34 04.11.2013

Azərbaycanın xarici ticarət dövriyyəsi nə qədər artıb?

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın rezidentləri dünyanın 144 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib, 97 ölkəyə əmtəə ixrac olunub, 137 ölkədən idxal olunub.

“APA-Economics”in xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

 Xarici ticarət dövriyyəsi iştirakçılarının 28-i Amerika, 49-u Avropa, 38-i Asiya və s. ölkələrdir. 

Doqquz ay ərzində xarici ticarət dövriyyəsi 32,7 mlrd. dollar təşkil edib və 2012-ci ilin eyni dövrü ilə müqayisədə 4,5% artıb. Dövriyyənin 8,1 mlrd. dolları idxalın, 24,6 mlrd. dolları ixracın payına düşüb, nəticədə 16,5 mlrd. dollarlıq müsbət saldo yaranıb.

Ticarət əlaqələrinin 11,1%-i MDB ölkələri ilə, 42,6%-i Avropa İttifaqı ölkələri ilə, 46,3%-i isə digər dövlətlərlə qurulub. 

İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, idxal məhsulları arasında qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqları, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil etmişdir. 

Qeyri-neft məhsullarının ixracı ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 13% artaraq 1,3 mlrd. dollar təşkil edib. Adambaşına düşən qeyri-neft məhsullarının ixracı 14,2 dollar artaraq 135,8 dollara bərabər olub.

Qaynar.info